Müəllim məktəbdəki problemi qabartdı - Töhmət aldı
Mil-Muğan Regional Təhsil İdarəsi İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyən müəllim Nəcəfquliyeva Leyla Rəhim qızı töhmət alıb.
Qazet.az xəbər verir ki, sözügedən görüntülər sosial şəbəkələrdə böyük mübahisə yaradıb.
Daha sonra deputat Fazil Mustafa da müəllimin yaydığı videoya görə töhmət aldığı barədə paylaşım edib.
“Doğrudan da, öz uşağınızı təsəvvür edin, belə bir məktəbə necə rahatlıqla gedə bilər? Bu cəsur və qeyrətli müəlliməyə əhsən! Sağ ol, Azərbaycanın ləyaqətli və övladlarımızın taleyinə biganə qalmayan müəlliməsi! Sənə töhmət verən yaramazlardan qətiyyən qorxma, ver məhkəməyə, hüquqi müdafiəniz üçün nə lazımsa şəxsi vəsaitim hesabına bütün dəstəyi verəcəyəm. Bir də danışın, kəndin nüfuzlu və dürüst adamlarından bir neçəsi qabağa düşsün, o məktəbin tualetinin tikintisi üçün tanıdığım imkanlı adamlara müraciət edəcəyəm ki, yardım etsin. Öz maaşımdan da bu tikintiyə yardım edəcəyəm. Təcili bu problem həll olunmalıdır. Təki Azərbaycan övladları təhsildə geri qalmasınlar. Bir dəfə də orta məktəb müəlliminə uşaqların qeyri-etik davranışına görə töhmət verilmişdi, o zaman da bunun yanlış olduğunu söyləmiş və həmin müəlliməni müdafiə etmişdim. Hörmətli elm və təhsil naziri Emin müəllimə müraciət edirəm, müəllimə qarşı bu təzyiq formasını şəxsən araşdırıb, lazımi tədbir görsün. Müəllim təhsilin keyfiyyətinə mane olan problemi ictimailəşdirib, ona təşəkkür etmək yerinə, utanmadan töhmət verilir. Müəllimləri belə rahat və kefi şəkildə əzmək, gözüqıpıq duruma salmaq yolverilməzdir. O müəllimi tanımıram, adını da bilmirəm, ancaq müəllimin kim olduğunu və hansı dəyərə sahib olduğunu şükürlər olsun ki, yaxşı bilirəm”.