Müəssisədə nöqsanlar aşkarlandı
Bitki mühafizə vasitələri və pestisidlərin satışı mağazalarında nöqsanlar aşkarlanıb.
Bu barədə Qazet.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Qeyd olunub ki, Agentlik əməkdaşları tərəfindən Bakı şəhərində aparılmış plandankənar yoxlamalar zamanı Xəzər rayonu, Binə qəsəbəsində Məmmədov Fariz İlyas oğluna, Zirə qəsəbəsində Mirzəyev Sürəddin Əbdüləli oğluna, Suraxanı rayonu, Hövsan qəsəbəsində Abbasov Sahib Baba oğluna, Sabunçu rayonu, Maştağa qəsəbəsində Quliyev Əbülfəz Baba oğluna məxsus bitki mühafizə vasitələri və pestisidlərin satışı mağazalarında bir sıra nöqsanlar aşkar edilib.
Belə ki, mağazalarda istifadə müddəti bitmiş pestisid və aqrokimyəvi maddələr, eyni zamanda dövlət sınağından keçməmiş və dövlət qeydiyyatına alınmamış aqrokimyəvi maddələr aşkar edilib.
Aşkar olunmuş nöqsanlarla bağlı sahibkarlar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.