Müğənnini qucaqlayan qız universitetdən qovuldu, həbs edildi - FOTO/VİDEO
Yeni il ərəfəsində Türkmənistanın paytaxtı Aşqabadda xarici estrada ulduzlarının konsertləri keçirilib.
Qazet.az-ın məlumatına görə, onların arasında məşhur rusiyalı müğənni Coni (əsl adı Cahid Əfrail oğlu Hüseynli) də olub. 10 min tamaşaçının qatıldığı konsert dekabrın 27-də baş tutub.
Müğənninin çıxışı zamanı qız pərəstişkarı səhnəyə qaçıb və onu qucaqlayıb. Bir dəqiqə sonra isə qara kostyumda üç kişi qızı səhnə arxasına aparıb. Hadisənin videogörüntüləri sosial şəbəkələrdə geniş yayılıb.
Bununla bağlı Aşqabadda yayılan xəbərlərdə qızın Dövlət Maliyyə İnstitutunun (keçmiş Xalq Təsərrüfatı İnstitutu) 2-ci kurs tələbəsi olduğu, lakin həmin davranışına görə universitetdən xaric edildiyi bildirilir. Həmçinin hazırda 15 sutkalıq həbs cəzası çəkdiyi də qeyd edilir.
Eyni zamanda Coni konsertdən sonra verdiyi müsahibədə bildirib ki, gələcəkdə onun musiqisi hörmətli Arkadağın musiqisinə bənzəsə, bu sadəcə möhtəşəm olacaq.
“Hələ ortaq mahnı da yazdırsaq, mən o zaman sonsuz dərəcədə xoşbəxt olacağam”, - deyə müğənni vurğulayıb.
Qeyd edək ki, Conidən başqa Türkmənistan paytaxtında Dima Bilan, Nyuşa, İrem Derici və Mustafa Sandal da konsert proqramı ilə çıxış ediblər. Biletlərin qiyməti 100 manat (dövlət kursu ilə 29 dollar, qara bazarda isə təxminən 5 dollar) təşkil edib. Kassalarda böyük növbələr yaranıb, əldən satılan biletlər isə bir neçə dəfə baha olub.
Polis növbələrdə yaranan qalmaqalların və davaların qarşısının alınması üçün tədbirlər görüb. Baş verənləri mobil telefonla lentə alanlar isə yaxalanıblar.