Müharibə nəticəsində Yəməndə 2412 qadın ölüb, 2825-i isə yaralanıb
Hesabatda yəmənli qadınların acınacaqlı durumu öz əksini tapıb
Yəmənli insan haqları təşkilatı Ümumdünya İnsan Haqları Günü münasibətilə Səudiyyə koalisiyasının 2015-ci ildə Yəmənə təcavüzündən bəri beş mindən çox yəmənli qadının öldüyünü və ya yaraladığını açıqlayıb.
Qazet.az ərəb KİV-nə istinadən xəbər verir ki, uşaq və qadınların hüquqlarını dəstəkləyən Yəməndə yerləşən “Entesaf” təşkilatı Beynəlxalq İnsan Haqları Günü (10 dekabr) münasibətilə Yəməndə yeddi ildir davam edən müharibə və mühasirə nəticəsində qadınların fəlakətli vəziyyəti ilə bağlı hesabat dərc edib.
Təşkilat ölkədə qarşıdurmanın başladığı gündən bəri 2412 yəmənli qadının öldürüldüyünü, 2825 qadının isə yaralandığını bildirib.
Hesabatda daha sonra koalisiya qüvvələrinin nəzarət etdiyi bölgələrdə yəmənli qadınların vəziyyəti açıqlanıb və hücumların başlanmasından bəri qadınlara qarşı zorakılığın orta səviyyəsinin 63% artdığı göstərilib.
“Entesaf” əlavə edib ki, koalisiya qüvvələrinin xəstəxanalara və sağlamlıq mərkəzlərinə hücumları yəmənli qadınları səhiyyə xidmətlərindən məhrum edib. Bundan əlavə, xəstəliyin yayılması və xüsusilə hamilə və laktasiya edən qadınlar arasında qida çatışmazlığının artması, həmçinin qadağan olunmuş silahlardan istifadə nəticəsində abort və anadangəlmə anomaliyaların sayının çoxalması dəhşət doğurur.
Hesabatda 1,2 milyon yəmənli qadının düzgün qidalanmadığı, onların yarısının hamilə olduğu bildirilir. Müharibə nəticəsində hər il 8 min qadın ölür və Yəməndə dərmanların 70%-i yoxdur.
Bundan əlavə, ərəb koalisiyasının təhsil mərkəzlərinə hücumları, iqtisadi blokada və maaşların verilməməsi üzündən qadınlar təhsil almaq imkanlarından məhrum olub. Köçkünlər arasında səkkiz yüz min qadın məcburi köçkünlük nəticəsində şiddətə məruz qalıb.
Hesabata görə, Yəməndə Səna hava limanının bağlanması nəticəsində ölüm riski ilə üzləşən, əksəriyyəti qadın olan 65 min xərçəng xəstəsi var. Həmçinin, böyrək çatışmazlığı olan 12.000 xəstə təcili transplantasiya tələb edir.