Multimedia Azərbaycan Premyer Liqası: "Zirə" ilk qələbəsini qazanıb
Tura sabah keçiriləcək "Səbail" - "Sumqayıt" və "Neftçi" - "Qarabağ" matçları ilə yekun vurulacaq.
Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
Qazet.az-ın məlumatına görə, "Keşlə" "ASK Arena"da "Zirə" ilə qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qonaqların heyətində hər iki qolu ikinci hissədə Davit Volkov vurub. Gürcüstanlı hücumçu 64 və 72-ci dəqiqələrdə fərqlənib.
28-ci dəqiqədə meydan sahibləri azlıqda qalıblar. Rəqibin müdafiəçisi Nemanya Ancelkoviçin qarın nahiyyəsinə zərbə endirən Anatole Abanq birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Yeni mövsümdə ilk qələbəsini qazanan "Zirə" xallarının sayını 4-ə çatdıraraq, 5-ci pilləyə yüksəlib. Xalı olmayan "Keşlə" isə "Sabah"la birlikdə 7-8-ci yerləri bölüşdürür. Yeri gəlmişkən, "Sabah" turun açılış matçında evdə "Qəbələ"yə 0:2 hesabı ilə uduzub.
Qeyd edək ki, tura sabah keçiriləcək "Səbail" - "Sumqayıt" və "Neftçi" - "Qarabağ" matçları ilə yekun vurulacaq.