Bakı 2˚C Mostly cloudy

Müsabiqə qalibləri elan edildi

Cəmiyyət 13:12 21 dek, 2022
Müsabiqə qalibləri elan edildi

Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən təhsilin gənclər üçün əlçatanlığının təmin edilməsi və insan kapitalının inkişafına dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən elan olunan gənclərin təhsil xərclərinin ödənilməsi üzrə həyata keçirilən növbəti müsabiqənin nəticələri açıqlanıb.

Gənclər Fondundan Qazet.az-a bildiriblər ki, sosial həssas əhali kateqoriyalarına aid olan istedadlı gənclərin təhsil xərcinin qarşılanması məqsədilə bu il oktyabrın 3–dən noyabrın 13-dək elan edilən müsabiqəyə 28 dövlət təhsil müəssisəsi, 7 filial və 15 orta-ixtisas təhsil müəssisəsindən ümumilikdə 872 müraciət daxil olub. Onların 772-si əyani təhsil, 100 tələbənin isə qiyabi təhsil üzrə müraciəti qeydə alınıb. Onlardan 91 tələbə magistr, 729 tələbə bakalavr, 52 tələbə isə orta-ixtisas təhsili üzrə müraciət edib.

Ərizə qəbulu prosesində daxil olmuş müraciətlərin texniki ekspertizası və müraciət edənin davamiyyəti, akademik göstəriciləri, yerli və beynəlxalq miqyasda qazandığı nailiyyətləri, sosial həssaslıq dərəcəsi, ictimai fəallığına dair ümumi qiymətləndirilməsi Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət İmtahan Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birlikdə aparılıb və qeyd olunan qurumlardan alınan rəylərə əsasən qaliblər müəyyənləşdirilib.

Gənclərin 2021-2022-ci və ya 2022-2023-cü tədris illəri üzrə təhsil haqqı xərclərinin ödənilməsi məqsədi daşıyan müsabiqənin nəticələrinə əsasən 431 tələbənin təhsil xərcinin Gənclər Fondu tərəfindən qarşılanmasına qərar verilib.

Qeyd edək ki, Gənclər Fondu tərəfindən 2018-ci, 2019-cu və 2020-ci illərdə təşkil edilmiş müsabiqələrdə ümumilikdə qalib olmuş 1190 tələbənin təhsil xərcləri ötən müddətdə tam ödənilib.

Nəticələr barədə fondun rəsmi internet səhifəsi ilə (www.youthfoundation.az) yanaşı, GəncAPP mobil tətbiqi vasitəsilə də məlumat almaq mümkündür.