Naftalan şəhərində elmi-praktiki konfrans keçirilib - Foto
Bir qrup media nümayəndələrinin iştirakı ilə Dövlət Turizm Agentliyi Naftalan şəhərinə Mediatur təşkil edib.
Qazet.az xəbər verir ki, turun məqsədi şəhərin turizm potensialı və burada görülən işləri nümayiş etdirməkdir.
Mediatur "Naftalan - sağlamlıq və turizmin sinerji mənbəyi. Regionda yeni reallıqlar" adlı beynəlxalq elmi-praktik konfrans konfransla başlayıb. Konfransı giriş sözü ilə aparıcı Ceyhun Əli açıq elan edib. 44 günlük Vətən müharibəsində, 12-14 sentyabr tarixlərində şəhid olan hərbi qulluqçularımızın xatirəsinə həsr olunan bir dəqiqəlik sükutdan sonra aparıcı Naftalanın turizm potensialından, konfransın mahiyyətindən və iştirak edən qonaqlar barədə danışdı. Sonra Naftalanın icra hakimiyyəti başçısı Vüqar Novruzov qonaqları salamladı. Qarabağ iqtisadi regionunun İşğaldan azad edilmiş ərazilər üzrə Azərbaycan respublikası prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqları salamlayaraq azad edilmiş ərazilərdə turizmin inkişafı barədə fikirlərini çatdırdı. O, azad edilmiş torpaqların 13 faizinin heç bir xarici dəstək olmadan minalardan təmizləndiyini bildirib. Tezliklə Ağdam və Füzulidə 2 mərkəzi xəstəxananın tikiləcəyi qeyd edildi. Həmçinin, bu ərazilərdə açıq hava altında işğal muzeyi olacağı da deyildi. Təkcə Qarabağ iqtisadi rayonunda 150 yeni iş yeri yaradılacaq. Füzulidə tikilən hava limanının bölgənin turizm potensialını inkişaf etdirəcəyi bildirilib. Bununla yanaşı, Xocavəndin tarixi abidələri, dağ-meşə turizm potensialının mövcudluğu barədə məlumat verilib.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Naftalanda turizm potensialının inkişaf etməsində Prezident İlham Əliyev və xanımı vitse-prezident Mehriban Əliyevanın gördüyü işlər haqqında məlumat verib. Ardınca Naftalanın regional turizm mərkəzi olması vurğulanıb. Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk Azərbaycan səhiyyə turizmində görülən işləri qiymətləndirib. Həmçinin bu mövzuda Azərbaycan-Türkiyə əməkdaşlığının uğurla davam etdirildiyi diqqətə çatdırılıb. Səhiyyə nazirinin müavini İlqar Qasımov Naftalanın müalicə effekti, Naftalan neftinin faydaları barədə məlumat verib. Ekologiya və Təbii sərvətlər nazirliyinin müavini Rauf Hacıyev regionun turizm potensialından, erməni vandalizmi, ekoloji soyqırım barədə fikirlərini bildirib. Gələcəkdə Naftalan şəhərində günəş enerjisi ilə elektrik enerjisindən istifadə olunacağı diqqətə çatdırılıb. Bildirilib ki, Naftalan kurortu 1935-ci ildən mövsümi fəaliyyət göstərir.
SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov Naftalan neftinin unikallığı, müalicəvi xüsusiyyətləri barədə fikirlərini bildirib.
"Bu neftin hələ 13cü əsrdə səyyah Marko Polonun qeydlərində rast gəlinir. 2023-cü ildə 3500 metr dərinlikdə neft quyusunun qazılacağı planlaşdırılır." deyə Vitse-prezident bildirib.
Daha sonra konfrans işini panel müzakirələrlə davam etdirib. İştirakçılar Naftalan neftindən hazırlanmış məhsullarla, o cümlədən dünyada neftlə rəsm çəkən yeganə rəssam Sabir Çopuroğlunun ustad dərsi ilə tanış olublar.
Konfrans çərçivəsində Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası və Almaniya Tibbi Sağlamlıq Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.