Bakı 6˚C Intermittent clouds

Namizədlərin imtahan nəticələri dəyişdi

Cəmiyyət 17:25 29 dek, 2022
Namizədlərin imtahan nəticələri dəyişdi

Dövlət qulluğuna imtahan verən bəzi namizədlərin nəticələri dəyişib.

Qazet.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Dövlət qulluğunda inzibati icraçı vəzifələrə (BA və BB altqrupu) qəbul üzrə 18 dekabr 2022-ci ildə keçirilmiş test imtahanının nəticələri ilə əlaqədar Dövlət İmtahan Mərkəzində yaradılmış Apellyasiya Komissiyası öz işini yekunlaşdırıb.

Komissiya tərəfindən imtahanda istifadə olunan tapşırıqlar təkrar ekspertiza olunub. Aparılan araşdırmalar nəticəsində Azərbaycan dili proqramına aid (BA vəzifə qrupu üzrə) imtahanda istifadə olunan bir açıq tipli test tapşırığının, Məntiqi təfəkkürün yoxlanılması proqramına aid (BB vəzifə qrupu üzrə) bir qapalı tipli test tapşırığının tərtibatı ilə əlaqədar ekspertlər arasında fikir ayrılığı yarandığından hər iki tapşırığın (etalonda götürülmüş cavabların düzgün hesab olunması şərti ilə) digər bir cavab variantının da düzgün cavab olaraq qəbul olunması məqsədəuyğun hesab edilib. İnformasiya texnologiyaları proqramına aid (BA vəzifə qrupu üzrə) imtahanda istifadə olunan bir açıq tipli test tapşırığında isə düzgün cavab variantların sayını tapmaq tələb olunduğu halda namizədlərin bəziləri düzgün cavab variantlarını müəyyənləşdirsə də, cavab kartına say əvəzinə düzgün cavab variantlarının sıra nömrələrini qeyd edib. Ekspertlər tərəfindən bu hal nəzərə alınaraq, düzgün cavab variantlarını müəyyənləşdirib cavab kartına qeyd edən namizədlər üçün də həmin test tapşırığının düzgün cavab olaraq qəbul olunması məqsədəuyğun hesab edilib.

İmtahanda istifadə olunan digər test tapşırıqlarının məzmununda isə heç bir elmi-metodik qüsur aşkar olunmayıb.

Beləliklə, Apellyasiya Komissiyasının qərarına əsasən namizədlərin imtahan nəticəsində aşağıdakı dəyişikliklər edilib:

- BA vəzifə qrupu A variantı üzrə 14 saylı, B variantı üzrə 15 saylı tapşırığın cavabını “4”, BB vəzifə qrupu A variantı üzrə 89 saylı tapşırığın C bəndini, B variantı üzrə 78 saylı tapşırığın D bəndini seçən namizədlərin də hər biri üçün həmin test tapşırıqları düzgün cavablandırılmış hesab edilib;

- BA vəzifə qrupu A variantı üzrə 69 saylı, B variantı üzrə 68 saylı tapşırıqda tələb olunan şərtləri ödəyən yazıların sayı – “3” əvəzinə cavab olaraq həmin yazıların sıra nömrələrini - “1,4,6” seçən namizədlərin də hər biri üçün həmin test tapşırığı düzgün cavablandırılmış hesab edilib.

Qeyd: Namizədlər artıq müvafiq dəyişikliklərlə DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifələrində tanış ola bilərlər.