Bakı 5˚C Mostly cloudy

Narkotiklərdən asılılıqla bağlı müraciət edənlərin sayı

Cəmiyyət 16:35 09 dek, 2022
Narkotiklərdən asılılıqla bağlı müraciət edənlərin sayı

Bu ilin yanvar-noyabr aylarında 802 - qaynar xətt telefon zəng xidmətinə 2009 vətəndaş müraciəti daxil olub. Onların 252-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 776-sı narkotik asılılıqdan müalicə, 981-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından Qazet.az-a bildiriblər ki, qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün operativ şəkildə aidiyyəti orqanlara 1028 məktub ünvanlanıb. Nəticə olaraq 776 nəfər narkotik asılılıqdan müalicə ilə əlaqədar ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı vətəndaşlar tərəfindən verilən məlumatlar əsasında 187 fakt üzrə cinayət işi açılıb. Əlli məlumat üzrə keçirilmiş tədbirlər nəticəsində fakt təsdiqini tapmayıb, 15 müraciət istiqamətində hazırda əməliyyat tədbirləri davam etdirilir.

Eyni zamanda ötən ilin müvafiq dövrü ilə müqayisədə qaynar xətt zəng xidmətinə 1071 vətəndaş müraciəti daha çox daxil olub. Onlardan 63-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 502-si könüllü müalicə, 506-sı isə şifahi xarakterli müraciətlərlə bağlı olub.

Bundan əlavə, 802 - qaynar xəttinə müraciət edənlər arasında aparılan müvafiq sorğu nəticəsində müəyyənləşdirilib ki, telefon zəng xidmətinin əlaqə nömrəsi əsasən, televiziya kanalları vasitəsilə, o cümlədən metro stansiyalarında və digər ictimai yerlərdə mütəmadi olaraq yayımlanan video çarxlardan və sosial lövhələrdən əldə edilib.