Bakı 20˚C Sunny

Naxçıvan respublikanın regionlarına 15 çeşiddə plastik məmulatlar satacaq

Gündəm 11:24 14 dek, 2021

Muxtar respublikanın Ali məclisinin sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib

Naxçıvan respublikanın regionlarına 15 çeşiddə plastik məmulatlar satacaq

Naxçıvanda “Naxplast” Məhdud Məsuliyyətli Cəmiyyətinin plastik məmulatlar istehsalı sahəsi istifadəyə verilib.

Qazet.az xəbər verir ki, muxtar respublikanın Ali məclisinin sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək deyib ki, istifadəyə verilən polietilen məmulatlar istehsalı sahəsi rəqabətədavamlı məhsul istehsal etməklə iqtisadi inkişafa mühüm töhfə verəcək. Cəmiyyətin polietilen məhsulların istehsalı üzrə layihəsi ekspertiza edilərək müsbət qiymətləndirilib, fəaliyyətinin stimullaşdırılması məqsədilə investisiya təşviqi sənədi verilib. Müəssisə daxili tələbatı keyfiyyətli yerli məhsullar hesabına ödəyəcək. İstehsal olunan məhsulların ölkəmizin digər regionlarına da satışı nəzərdə tutulub.

Yeni müəssisə sənaye sahəsində idxaldan asılılığın azaldılması, ixrac potensialının artırılması və yeni iş yerlərinin açılmasına imkan verəcək. Müəssisədə Türkiyə istehsalı olan müasir avadanlıqlar quraşdırılıb, 30 nəfər işlə təmin olunub. İllik istehsal gücü 1 440 ton olan müəssisədə polietilen şirinq, masa örtüyü, müxtəlif polietilen torbalar olmaqla 15 çeşiddə məhsul istehsal olunacaq.

Müəssisənin fəaliyyətə başlaması məşğulluğun təmin olunması və daxili tələbatın ödənilməsi ilə yanaşı, həm də bu sahədə yerli mütəxəssislərin formalaşmasına da şərait yaradacaq. Müəssisə polietilen tullantıların təkrar istifadəsini təmin etməklə isə ekoloji təmizliyin qorunmasına töhfə verəcək.

Ali məclisin sədri müəssisədə istehsal olunan məhsulların keyfiyyətinə nəzarət olunması, məhsul çeşidinə diqqət yetirilməsi, plastik tullantıların yığılaraq müəssisəyə təhvil verilməsinə köməklik göstərilməsi və yeni istehsal sahələrinin yaradılması barədə tapşırıqlar verib.