Bakı 3˚C Windy

Nazir: “2 165 qaziyə əlillik və sosial ödənişlər təyin edilib”

Gündəm 13:36 06 noy, 2021

Şəhid ailələri və qazilər, erməni terrorundan zərər çəkənlərdən ibarət artıq 33 min şəxs bu dəstək tədbirləri ilə əhatə olunur

Nazir: “2 165 qaziyə əlillik və sosial ödənişlər təyin edilib”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında cari ilin 9 ayında görülən işlər, postmüharibə dövründə sosial dəstək tədbirləri müzakirə olunub.

Nazirlikdən bildirilib ki, Sahil Babayev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun bir il bundan əvvəl Vətən müharibəsində əldə etdiyi möhtəşəm zəfəri qeyd edib. 

Şəhid ailələri və qazilər, erməni terrorundan zərər çəkənlərdən ibarət artıq 33 min şəxs bu dəstək tədbirləri ilə əhatə olunur. Şəhidlərimizin ailə üzvləri və qazilərimizlə bağlı icra olunan sosial dəstək proqramları daha da genişlənəcək. 

Qeyd edilib ki, mühüm bir dəstək istiqaməti olaraq Vətən müharibəsinin şəhidlərinin ailə üzvlərinin sosial təminat hüquqlarının çevik şəkildə reallaşdırılması təmin olunub. Onların müraciətinə, zəruri sənədləri təqdim etmələrinə ehtiyac qalmadan bu sənədlər aidiyyəti qurumlardan alınıb və e-sistem üzərindən proaktiv qaydada sosial ödənişlər təyin olunub. Şəhid ailələrinin üzvlərindən ibarət 7 900 nəfərə 15 700 sosial ödəniş (Prezidentin aylıq təqaüdü, pensiya və ya müavinət) təyin edilib. Həmçinin Vətən müharibəsi qazilərinin əlilliyini qiymətləndirilməsi işləri də davam edir. Onlardan artıq 2 165 qaziyə əlillik və sosial ödənişlər təyin edilib. 

Bu il şəhid ailələri və müharibə əlillərinə 1850 mənzil verilib və ilin sonunadək bu rəqəm 3 minə çatacaq. Həmçinin müharibə əlillərinin avtomobillə təminatı işləri davam edəcək.