Bakı 7˚C Showers

Nazirlik daha 50 şəhid ailəsi və qaziyə mənzillərin sənədlərini təqdim edib

Cəmiyyət 16:15 04 okt, 2021

 Şəhid ailələri, müharibə əlilləri və Vətən Müharibəsi Qəhrəmanına mənzillərin sənədləri təqdim edilib

Nazirlik daha 50 şəhid ailəsi və qaziyə mənzillərin sənədlərini təqdim edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 50 şəhid ailəsi, müharibə əlili və Vətən Müharibəsi Qəhrəmanına mənzillərin sənədlərini təqdim edib.

Qazet.az xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ötən il Vətən müharibəsində əldə etdiyi möhtəşəm tarixi Zəfərdən bəhs edib.

30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımızın işğaldan azad edildiyini, bu gün həmin ərazilərimizdə böyük quruculuq işlərinin aparıldığını diqqətə çatdırıb.

Nazir müavini bildirib ki, müharibədən sonrakı dövrdə şəhid ailələrini, müharibə iştirakçılarını, müharibədə yaralanmış hərbçiləri, müharibə əlillərini, erməni terrorundan zərər çəkənləri əhatə edən çevik və genişmiqyaslı sosial dəstək tədbirləri həyata keçirilir. Eyni zamanda, şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı dəfələrlə genişlənib. Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı 2014-2019-cu illərdə uçota alınmış şəxslərə və 2020-ci ildə hərbi əməliyyatlarda, o cümlədən Vətən müharibəsində şəhid olanların ailələri və əlillərinə 2021-2025-ci illərdə mərhələli şəkildə 11 min mənzil və fərdi ev təqdim edilməsini nəzərdə tutur. O cümlədən 2021-ci ildə onlara 3 minədək mənzil və fərdi ev verilməsi işləri aparılır ki, bu da mənzil və fərdi evlə təminat proqramının 2018-ci ilə nisbətən 5 dəfə genişləndiyini göstərir.

Eyni zamanda, Prezident İlham Əliyevin 25 avqust 2021-ci il tarixli Sərəncamına əsasən Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təminatına başlanıb. Bu gün onlardan daha bir qrupu da mənzillə təmin edilir.

A.Əliyev bu ilin planı üzrə artıq 1650 mənzilin şəhid ailələri və müharibə əlillərinə, habelə Vətən Müharibəsi Qəhrəmanlarına verildiyini, ümumilikdə indiyədək bu kateqoriyadan olanlara 11 minə yaxın mənzil və fərdi ev təqdim edildiyini diqqətə çatdırıb. Bildirib ki, müharibə əlillərinin minik avtomobilləri ilə təminatı tədbirləri də uğurla davam edir. 2018-2020-ci illərdə onlara 1300-dək, bu ilin ötən dövründə isə daha 150 avtomobil, ümumilikdə indiyədək 7350 avtomobil verilib.

Mənzillə təmin edilən şəhid ailələri, müharibə əlilləri və Vətən Müharibəsi Qəhrəmanları onlara göstərilən yüksək diqqət və qayğıya, sosial təminatlarının gücləndirilməsi məqsədilə aparılan ardıcıl işlərə, bu gün yeni mənzillə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.