Nazirlik neft hasilatı ilə bağlı hesabat verdi
Bu ilin noyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 669 min barel olub.
Bu barədə Qazet.az Energetika Nazirliyinə istinadən məlumat verib.
Bildirilir ki, bunun 550 min barelini xam neft, 119 min barelini isə kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 33-cü iclasında qəbul edilmiş qərara əsasən, noyabrda Azərbaycanda gündəlik xam neft hasilatının avqust ayındakı səviyyədən, yəni 717 min bareldən azaldılaraq 684 min barel həcmində saxlanılması nəzərdə tutulurdu.
Ümumiyyətlə OPEC ölkələri noyabrda neft hasilatını oktyabr ayı ilə müqayisədə sutkada 744 min barel azaldaraq 28,83 milyon barelə çatdırıb.
"OPEC+" sazişinə qoşulan ölkələrin ümumi hasilatı sutkada 683 min barel azalaraq 24,49 milyon barel təşkil edib. "OPEC+" sazişi çərçivəsində onların icazə verilən kvotasının sutkada 25,416 milyon barel təşkil ediyini nəzərə alsaq, saziş üzrə plandan geriqalma sutkada 0,94 milyon barel olub.
Noyabrda hasilatın OPEC+ çərçivəsində müəyyən edilmiş kvota səviyyəsinə ən çox azalması Səudiyyə Ərəbistanında qeydə alınıb - sutkada 404 min barel, gündəlik hasilat 10,47 milyon barelə düşüb. Saziş çərçivəsində həmçinin BƏƏ (sutkada 149 min barel, 3,04 milyon barelə düşüb), İraq (117 min barel/gün; 4,47 milyon barel/gün) və Küveyt (121 min barel/gün; 2,69 milyon barel/gün) də hasilatı xeyli azaldıb.