Necə edək ki, övladlarımız "ağ ölüm"ün qurbanı olmasın?
Son zamanlar əhatəmizdə narkotik istifadəçilərinin olduğunu müşahidə edirik. Təəssüflər olsun ki, bu xəstəliyə yoluxanların çox hissəsini cavanlar, yeniyetmələr təşkil edir. "Ağ ölüm" adlanan bu vasitə çox insanın qazanc yerinə çevrilib. Onlar əziyyət çəkmədən, heç bir işlə məşğul olmadan narkotik maddələri insanlara satmaqla asan qazanc əldə edirlər. Həmin insanların toruna da ən çox yeniyetmələr düşür. Onlar hələ dünyanı dərk etmədən bu işbazların "mələk" simasına aldanıb yolunu azırlar. Narkotacirlər bir, iki dəfə narkotik vasitələri gənclərə pulsuz təklif edir və onları narkotikdən asılı vəziyyətə saldıqdan sonra mallarını onlara baha qiymətə satmağa başlayırlar. Bundan sonra narkotik aludəçisinə çevrilən insanlar istəsələr də ondan canlarını asanlıqla qurtara bilmirlər. Artıq vərdiş aldıqlarına görə, hər gün bu vasitələrdən istifadə edirlər. Pulları olmadıqda isə evlərindən, ailələrindən, qohumlarından oğurluq etməyə başlayır və ikinci pis vərdişə yiyələnirlər.
Bu gün cəmiyyətdə uşaq böyüdən bütün insanları qorxudan övladlarının pis vərdişə yiyələnməsi, onların narkotik aludəçisi olmasıdır.
Bu baxımdan valideynlərin nələrə diqqət etməli olduğunu, övladlarını necə qorumalı olduqları barədə narkoloq-həkim Fəqan Zakirov Qazet.az-ın müxbiri Gülnar Süleymanova ilə söhbət edib.
- Azyaşlıların narkotik vasitələrinə aludə olmasında əsas günahkar kimdir? Kiçik yaşlarından istifadə etdikləri hər hansı bir qida, içki və ya hansısa əşya onlarda narkomaniyaya həvəs oyada bilərmi?
- Burada kimisə əsas günahkar kimi dəyərləndirmək doğru olmaz. Narkotik maddə istifadəsində genetik faktorlar, eyni zamanda ətraf mühitin faktoru və insanın yaşadığı mühit, böyüdüyü ortam, ailə sevgisi, travması, impulsiv insan olması, fərddə psixiatrik xəstəliklərin olması narkotik maddə istifadəçisinə şərait yaradır. Narkotik istifadə edən insanların üçdə ikisində kiçik yaşlarda diqqət əskikliyi, hipertoniya sindromu olduğu məlum olur. Belə uşaqlar vaxtında müalicə olunmazsa gələcəkdə narkotik maddə istifadəçisi olma ehtimalı digər insanlardan yüksək görünür.
- Övladlarımızın "ağ ölüm"ün qurbanı olmaması üçün nə etməliyik?
- Övladlarımız bu yolda qurban olmaması üçün əslində etməli olduğumuz vacib məsələ özümüzün bu barədə ətraflı məlumata sahib olub və onları bu yöndə məlumatlandırmaq lazımdır. Çünki yeniyetmə bu barədə məlumatı dost-tanışdan öyrənərsə onlarda maraq doğurar. Bu maraq isə narkotik maddədən istifadəyə gətirər. İstifadə sonrasını asılılığa gedən bir addım olaraq da dəyərləndirə bilərik.
- Bir insanın narkotik aludəçisi olduğunu necə bilmək olar?
- Bir gəncin narkotik istifadə etməsini öncə onun davranışlarından bilmək olar. Məsələn, son dönəmlər əhval-ruhiyyəsində dəyişikliklər varsa, özünə qapanıbsa, dost-tanış çevrəsində ani dəyişikliklər, ani əsəb keçirməsi, eyni zamanda təhsilində zəiflik, evə gec gəlmək, yalan danışmaları olması, geyiminə fikir verməmək, özünə diqqət etməməsi kimi hallar narkotik maddə istifadə etməsində şübhələr doğurur. Təbii ki, bunu dəqiqləşdirmək üçün ailənin və eyni zamanda həmin şəxsin bəzi mütəxəssislər tərəfindən görülüb dəyərləndirilməsi, bəzi test və analizlərdən keçirilərək narkotik maddədən istifadə edib-etməməsi müəyyən edilə bilər.
- Narkomanların müalicəsi necə aparılır?
- Bu xəstələrin müalicəsi mütəxəssislər tərəfindən aparılmalıdır. Bu xəstəlikdə dərman müalicəsi və eyni zamanda psixitropiya ilə müalicə aparılır. Müalicə müddəti 6 ayla 1 il arasıdır.
- Bundan tamamilə sağalmaq mümkündürmü?
- Narkomaniyadan sağalmaq mümkündür. Lakin düzəlməyən xəstəlikdir. Bundan belə başa düşürük ki, bu xəstəlik əslində sağalır, ancaq həmin insanların ondan sonrakı həyatlarında boyunca narkotik vasitə istifadə etməmələrini və istifadə etdikləri halda yenidən xəstələnərək yenidən başa dönəcəklərini bilməlidirlər. Bu səbəbdən narkotik asılılığı olan insanların tamamilə uzaq durmağı lazımdır.