Bakı 7˚C Showers

"Neftçi"nin baş məşqçisi "Styaua"ya mümkün qayıdışı ilə bağlı açıqlama verib

İdman 09:32 05 noy, 2022
"Neftçi"nin baş məşqçisi "Styaua"ya mümkün qayıdışı ilə bağlı açıqlama verib

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf yenidən Rumıniyanın "Styaua" komandasının sükanı arxasına keçəcəyi ilə bağlı iddialara münasibət bildirib.

Qazet.az-ın məlumatına görə, 47 yaşlı mütəxəssis bu barədə "Playsport.ro" saytına açıqlama verib.

Rumıniyalı baş məşqçi bu mövzuda heç nəyi şərh etmək istəmədiyini söyləyib: "Çünki deyəcəyim hər şey şərhə yol açacaq. "Styaua" ürəyimdə əbədi olan komandadır. Klub prezidenti Cici Bekaliyə hörmət edirəm, orada nə etmək lazım olduğunu bilən insanlar var. Bu mövzuda müzakirəyə girmək istəmirəm".

Cici Bekali Nikolae Dikanın istefaya göndərilməsindən sonra yeni baş məşqçi axtarışında olduqlarını söyləyib. O, Regekampfın qayıdışının maliyyə cəhətdən çətin olduğunu vurğulayıb: "Hazırda onun öz komandası var və orada işləyir. Baş məşqçini işindən necə çıxarmaq olar? Bundan əlavə, Regekampfın yaxşı maaşı da var".

Qeyd edək ki, Laurentsiu Regekampfın "Neftçi" ilə müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub. O, 2012 - 2014 və 2015 - 2017-ci illərdə "Styaua"ya rəhbərlik edib. Komanda bu mütəxəssislə iki dəfə ölkə çempionu olub, Avropa Liqasının 1/8 final və Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.