Nyu-Yorkda Ərdoğan Qaribaşvili ilə regiondakı vəziyyəti müzakirə edib
Türkiyə və Gürcüstan liderləri Qarabağı müzakirə edib
BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Gürcüstan baş naziri İrakli Qaribaşvili arasında danışıqlar olub.
Qazet.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Gürcüstan hökumətinin mətbuat xidməti bildirir.
“Danışıqlar zamanı regiondakı inkişaf edən hadisələrə toxunulub. İrakli Qaribaşvili bəyan edib ki, Gürcüstanın başlıca məqsədi regionda sülhün və stabilliyin dəstəklənməsidir. Və onun ölkəsi Qafqaz regionunda uzunmüddətli sülh və stabillik üçün özünün sülhməramlı missiyasını yerinə yetirməyə götürməyə hazırdır”,- məlumatda deyilir.
Bildirilir ki, iki ölkə liderləri habelə Azərbaycanla Ermənistan arasında Gürcüstanın vasitəçiliyi ilə bu ilin iyul ayında 15 erməni əsirinin qaytarılması və mina xəritələrinin verilməsi anlaşmasına da toxunublar. “Qaribaşvili və Ərdoğan qeyd ediblər ki, bu mübadilə qonşular arasında əməkdaşlıq üçün yaxşı əsasdır”,- məlumatda deyilir.
Xəbər verildiyi kimi Ərdoğan Nyu-Yorka yola düşməzdən əvvəl bəyan etmişdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan ona gürcüstanlı həmkarı İrakli Qaribaşvilinin vasitəsilə mesaj göndərib və görüşmək istəyir. Lakin Ərdoğan demişdi ki, belə görüşün baş tutması üçün Paşinyan regionda kommunikasiyaların açılmasına mane olan hərəkətlərdən çəkinməlidir.
Ərdoğan sentyabrın 29-da Rusiayaya səfər edəcək və gözlənilir ki, onun Putinlə danışıqlarında Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması mövzusu da müzakirə olunacaq.