Bakı 2˚C Showers

"O zaman biz anladıq ki, haqlı olmaq yetərli deyilmiş"

Siyasət 16:23 11 dek, 2021

 Azərbaycan müstəqilliyinin ilk günündən informasiya savaşı, hibrid və psixoloji savaşlarla üz-üzə gəldi

"O zaman biz anladıq ki, haqlı olmaq yetərli deyilmiş"

Azərbaycan bu gün müstəqilliyinin 30 illiyini qeyd edir. Müstəqilliyinin ilk günündən Azərbaycan informasiya savaşı, hibrid və psixoloji savaşlarla üz-üzə gəldi.

Qazet.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İstanbulda keçirilən 21-ci Beynəlxalq Strateji Rabitə Sammitində deyib.

H.Hacıyev qeyd edib ki, xüsusilə, Qarabağ münaqişəsi əsasında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti məhz bu əsaslarla - psixoloji, hibrid savaşlarla müşayiət olunmağa başladı.

"Yəni dünya hələ bunların fərqinə varmamış, dezinformasiyanın nə olduğunu hələ qavramamış bir dövrdə Azərbaycan bunlarla üz-üzə qalmışdı. Amma həmin dövrdə biz bu savaşa qarşı hazır deyildik. Ona görə də, Ermənistan Azərbaycan torpaqlarını günbəgün işğal etdiyi və bu işğal terrorla, aqressiv separatizmlə müşayiət edildiyi halda, dünya Azərbaycanı qınayırdı. Bizim insanlarımız erməni silahlı qüvvələri tərəfindən öldürüldüyü halda, elə təqdim edilirdi ki, guya azərbaycanlılar erməniləri öldürür. Qondarma "erməni soyqırımı" adı altında bu təbliğat həyat keçirilməkdə idi", - deyə H.Hacıyev vurğulayıb.

O bildirib ki, bütün bunların fonunda Azərbaycan öz haqlı savaşını apararaq dünyaya həqiqəti çatdırmağa çalışırdı. "Amma o zaman biz anladıq ki, haqlı olmaq yetərli deyilmiş. Haqlı olmağımızı dünyaya çatdırmaq üçün daha aktiv olmağımıza, daha da ağıllı siyasət həyata keçirə biləcək strateji kommunikasiya formatında bunu təqdim etməyimizə böyük ehtiyac var idi. Elə o zaman qərara gəldik ki, Ermənistan və erməni lobbisinin dünya üzrə ölkəmizə qarşı apardığı bu siyasətə qarşı yalnız strateji qaydada, hərbi, diplomatik və informasiya siyasətimizi bir araya gətirərək koordinasiya olunmuş şəkildə bir siytasət həyata keçirək və yalnız bu halda bunun qarşısını ala bilərdik. Bütün bunlar dünyanın susduğu, baş verənləri duymaq istəmədiyi fonunda baş verirdi", - deyə H.Hacıyev əlavə edib.