Bakı 3˚C Intermittent clouds

Oğuzda uzun illərdir təmir olunmayan yol yararsız vəziyyətə düşüb

Xəbərlər 17:47 12 noy, 2022
Oğuzda uzun illərdir təmir olunmayan yol yararsız vəziyyətə düşüb

Oğuz rayonunun Calut kəndinə qədər olan 4 km-lik yol uzun illər təmir edilmədiyindən yararsız vəziyyətə düşüb.

 

Bu barədə "Report"un Şimal-qərb bürosuna Calut kənd sakinləri məlumat verib.

 

Sakinlərin sözlərinə görə, sonuncu dəfə asfalt örtüklü yol keçən əsrin 90-cı illərində çəkilib:

 

"Asfalt örtüyü keyfiyyətini itirib və çalalar əmələ gəlib. Kənddə hərəkətin ən çətin olduğu ərazi "Vəng" adlanan məhəllədir. Dağlardan gələn yağış suları demək olar ki, yolu yuyub və yamacda təhlükəli vəziyyət yaranıb".

 

2300 nəfərdən artıq əhalinin yaşadığı Calut sakinləri deyir ki, Oğuz-Calut marşrutu üzrə işləyən avtobus da kəndin mərkəzinə qədər gəlir. Səbəb isə yuxarı məhəllənin yolunun keçilməz olmasıdır.

 

Vəziyyəti acınacaqlı olan dağ yolunun ensizliyi və qayalıq ərazidən keçməsi isə ayrıca problemdir. Sakinlərin sözlərinə görə, dağlardan qoparaq gələn qaya parçaları tez-tez avtomobil yoluna tökülür.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli "Report"un yerli bürosuna bildirib ki, altı yaşayış məntəqəsini əhatə edən və 31 km uzunluğa malik Mollalı-Dəymədərə-Yemişənli-Qarabaldır-Calut-Malıx avtomobil yolunun yenidən qurulması regionların sosial-iqtisadi inkişafı dövlət proqramına daxil edilib. Maliyyə vəsaiti ayrılan kimi Calut yolunun yenidən qurulması agentlik tərəfindən tam olaraq təmin olunacaq.

Oğuzda uzun illərdir təmir olunmayan yol yararsız vəziyyətə düşüb