"Olimp" dağının fəthi - "Qarabağ"ın yüksəlişi / FOTOREPORTAJ
Dünən Bakı vaxtı ilə 20:45-də UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində "Qarabağ" növbəti oyununa çıxdı. Rəqib Azərbaycan təmsilçisinin Yunanıstanda 3 topluq fərqlə məğlub etdiyi "Olimpiakos" idi. Yunanlar Bakıya doğma meydanda aldıqları məğlubiyyətin əvəzinə çıxmaq, 3 xal ardınca gəlmişdi. Bununla belə, Yunanıstan klubu göstərdiyi oyunla niyyəti bir-birinə əks idi.
Qazet.az-ın müxbiri, idman jurnalisti Azad Nuriyev araşdırmanı sizə təqdim edir.
"Olimp" dağına gedən yol
"Qarabağ" bu oyunda qalib gəlməklə qrup mərhələsində növbəti 2 oyuna daha arxayın çıxa bilərdi. Bununla belə komandamızın qazandığı 1 xal belə şansların qorunmasına və AL-də yola davam etməyə şərait yaradır. Azərbaycan təmsilçisinin yunanlara qarşı göstərdiyi 2 oyun sözün əsl mənasında "Olimp" dağının fəthi idi. Püşkatma birinci səbətdə yer alan "Olimpiakos" ilk başda azarkeşlər tərəfindən ən çətin rəqib kimi qəbul edilsə də, komandamızın göstərdiyi oyun bunun sadəcə fərziyyə olduğunun sübutu idi. Yunanıstanda bu klubun aldığı 0:3 hesablı məğlubiyyət isə "Olimp" dağını sözün əsl mənasında titrətdi. Sarsılan "Olimp" dağı Bakıda ümidlərini axtarmağa gəlmişdi. Yunanlara qarşı ilk dəqiqədən təzyiq göstərən Ağdam təmsilçisi rəqibi oyun ərzində topsuz qoydu. Belə oynamağa məcbur qalan isə "Olimpiakos" isə müdafiə sisteminə üstünlük verib xal ümidlərini qoruyurdu. Oyundan göründüyü kimi, bütün bu ümidlər sadəcə qrupda ilk xalı almaq üçün idi. Əslinə baxsaq, bu qazanılan 1 xal həvəsləndirici taktikadan başqa bir şey deyil. Matçın ikinci hissəsində başlayan yağış oyuna müəyyən qədər təsir etsə də, "Qarabağ" öz oyun üslubunu qorudu. Bununla, komandamız həm də məğlubiyyətsizlik seriyasını yenilədi. Belə ki, "Qarabağ" qrupda son 3 oyunda həm məğlub olmayıb, həm də qapısından top buraxmayıb.
Qrupda isə əsl vəziyyət göz qarşısındadır. Səbətdən adı birinci çıxan Yunanıstan klubu "Olimpiakos" hazırda 1 xalla qrup sonuncusudur. Komandamız isə uğurla irəliləyir. Onları qarşıda bir səfər ("Nant"a qarşı), bir ev ("Frayburq"a qarşı) oyunu gözləyir. 4 oyundan sonra 7 xala malik "Qarabağ" hazırda qrup ikincisidir. Qrupumuzun rekordçusu 4/4 edən Almaniya klubu "Frayburq"dur.