Bakı 3˚C Dreary

“Axilles daban”ı və Qurbanın Heraklları

İdman 10:25 07 okt, 2022
“Axilles daban”ı və Qurbanın Heraklları

Dünən UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində növbəti oyunlar keçirilib. Azərbaycan təmsilçisi “Qarabağ”ın yer aldığı turnirdə əsas diqqət Yunanıstana yönəlmişdi. Təmsilçimizin növbəti rəqibi UEFA turnirlərinin əvəzolunmaz təmsilçisi olan “Olimpiakos” idi. Hələ ötən il təsnifat mərhələsində “Neftçi”yə rəqib olan Yunanıstan klubu bu dəfə püşkə əsasən “Qarabağ”la qrupda üzləşməli oldu. Komandalar arasında ilk oyun sıralamaya görə Yunanıstanda keçirildi. Oyuna maraq olduqca böyük idi. Dünya futbol kanallarında belə komandalar arasında duel səbrsizliklə gözlənilirdi. Onu da qeyd etmək lazımdır ki, ilk dəfə olaraq “Qarabağ”ın oyunu Ermənistanda belə canlı yayımlandı. Bunun da səbəbi məlumdur. Ən yaxın müttəfiqinin (Yunanıstan) oyununu yayımlamaq İrəvanın əsas öhdəliyidir. Qarşılaşmanın ilk pərdəsi başladı...

Yaddaqalan oyun haqqında idman jurnalisti və Qazet.az-ın müxbiri Azad Nuriyev şərh verdi.

Təxribatlarla dolu “yunan mif”i

Yunanıstan klubları Avropa areanalarında həmişə qalmaqallı hadisələrlə yadda qalıb. Bu dəfə də belə oldu. “Qarabağ”la matçdan öncə bir neçə yunan azarkeş komandamızın azsaylı azarkeşlərinə hücum etdi. Yalnız polisin müdaxiləsindən sonra bu mənfi hal aradan qaldırıldı. Humanizm prinsiplərini nəzərə alaraq, “Qarabağ” əsgərləri bu dəfə də sivillərə hücum etmədi və rəqibi “döyüş meydanı”nda susdurdu...

“Axilles daban”ı və Qurbanın Heraklları

Ağdam təmsilçisi oyuna güclü motivasiya ilə çıxmışdı. Nəzərə alsaq ki, “Olimpiakos” qrupda 0 xalla sonuncu pillədə idi, bu səbəbdən onlarda da motivasiya eyni səviyyədə idi. Rəqib xal qazanmağa “ac” idi. Ona görə də qolsuz keçən ilk hissədə demək olar ki, Yunanıstan təmsilçisi ard-arda hücumlar etməyə cəhd göstərirdi. “Qarabağ”ın isə hücumlarından biri ilk hissədə qolla nəticələnsə də, VAR sevincimizi yarıda qoydu. Oyundan kənar vəziyyət (offsayd) komandamızı qoldan məhrum etdi. Komandamız isə sevincini ikinci hissədə artıqlaması ilə qeyd etdi. “Qarabağ” oyunun taleyini və 3 xalı 18 dəqiqədə qazandı. 68-ci dəqiqədə 1-ci, son 10 dəqiqədə isə vurualn 2 qol komandanın 0:3 hesablı qələbəsini, Yunanıstanın azarkeşləri önündə başıaşağı meydanı tərketməsi ilə nəticələndi. Azərbaycan təmsilçisini yunanların “Axilles dabanı”nı tapmışdı və bundan məharətlə istifadə etməyi bacardılar. Komandamızın baş məşqçisi Qurban Qurbanov isə sözün əsl meydana “Herakl”lar buraxmışdı. İstər əsas heyət, istərsə də sonradan meydana daxil olan oyunçular komandanın onlara olan inamını doğrulda bildilər.

Bu oyunda sanki “Qarabağ” Herakl, “Olimpiakos” isə Antey idi. Qədim yunan əfsanəsini təmsilçimiz elə öz meydanlarında “Olimpiakos”a yaşatdılar. “Olimpiakos” oyunçuları bir Antey kimi hər dəfə doğma meydan amilindən, torpaqdan güc almağa çalışsa da, hər dəfə qalxdığında “Qarabağ” Herakl kimi onlara zərbə vururdu. Yekunda isə “Qarabağ”ın 3 qolu Anteyi (“Olimpiakos”) havada saxlayıb onun “ölüm”ünə gətirib çıxardı. “Qarabağ”ı isə bu klubla Bakıda daha bir oyun gözləyir. Azarkeşlər inanır ki, “Qarabağ” “Heraklın on iki qoçaqlığı”ndan birini Yunanıstanda olduğu kimi Azərbaycanda da rəqibə yaşada biləcək. “Olimpiakos” üzərində qələbə isə Olimpiya çempionu olmağa bərabərdir. Azarkeşlər və idmansevərlər ölkə təmsilçilərimiz Olimpiya çempionu olanda da eyni sevinci, emosiyanı nümayiş etdirirlər.

Ardıcıl 3 oyunda 6 xal qazanan “Qarabağ” həmçinin son 2 oyunda 3:0 hesabı ilə qalib gəlməyi bacarıb. Bu da hazırda Ağdam təmsilçisinin qrupda ikinci yerdə olmasına imkan verir. Ölkə futbolunun yeganə təmsilçisi yalnız Almaniya klubu “Frayburq”dan geri qalır.

“Axilles daban”ı və Qurbanın Heraklları
“Axilles daban”ı və Qurbanın Heraklları
“Axilles daban”ı və Qurbanın Heraklları