Ombudsman bəyanat yaydı
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatı ilə əlaqədar bəyanat yayıb.
Qazet.az xəbər verir ki, bəyanatda deyilir:
Təəssüflə bildiririk ki, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 12-də gecə saatlarında beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarını, fundamental insan hüquqlarını, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın şərtlərini növbəti dəfə qəsdən və kobud şəkildə pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətmişdir.
Baş vermiş hərbi təxribat hərbi qulluqçular arasında itkilərin olmasına, hərbi və mülki infrastruktura ziyan dəyməsinə, xidməti vəzifələrini yerinə yetirən mülki insanların və hərbi qulluqçuların yaşamaq, təhlükəsiz yaşamaq, sağlamlıq hüquqlarının pozulmasına səbəb olmuşdur.
Ermənistan silahlı qüvvələrinin diversiya qrupları tərəfindən törədilən növbəti genişmiqyaslı hərbi təxribatı, xüsusilə də qaranlıq hava şəraitində ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan ərazilərinin, xüsusilə geniş bərpa-quruculuq işlərinin aparıldığı yerlərin, təminat yollarının minalanmasını kəskin şəkildə pisləyirik.
Ümumiyyətlə, 1991-2022-ci illər ərzində 3190 nəfər Azərbaycan vətəndaşı, o cümlədən 355 uşaq, 38 qadın mina qurbanı olmuşdur. 2020-ci ilin noyabr ayından 2022-ci ilin sentyabr ayınadək 242 nəfər mina qurbanı olmuş, onlardan 40 nəfər həlak olmuş, 202 nəfər ağır bədən xəsarətləri almışdır.
Son zamanlar ölkəmizin işğaldan azad olunmuş ərazilərində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində aşkar edilmiş minaların 2021-ci il tarixində Ermənistanda istehsal olunduğunu təsdiq edən faktların üzə çıxması, Ermənistanın kommunikasiyaların və nəqliyyat marşrutlarının açılmasında maraqlı olmaması, eləcə də sülh danışıqlarına dəstək verməməsi bu ölkənin sülh prosesində maraqlı olmadığını göstərir.
Beynəlxalq humanitar hüquq normalarına zidd olaraq, Azərbaycana qarşı etnik nifrət və düşmənçilik niyyəti ilə qəsdən və məqsədli şəkildə, insanların həyat və sağlamlığına ciddi ziyan vurmaq üçün törədilən bu kimi hərbi təxribatları fundamental hüquq və azadlıqların kobud pozulması faktı kimi qiymətləndiririk.
Ermənistan bu addımı ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən geniş bərpa-quruculuq işlərini ləngitməyə, beləliklə də, keçmiş məcburi köçkünlərin öz tarixi yurdlarına qayıdışı prosesini yubatmağa çalışır.
Beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə müraciət edərək, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini minalarla çirkləndirməyə, azad edilmiş ərazilərimizdə aparılan geniş bərpa-quruculuq işlərini və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına geri qayıtmalarının qarşısını almağa çalışan, regionda ədalətli və dayanıqlı sülhün bərqərar olması üçün ciddi maneə yaradan, fundamental insan hüquq və azadlıqlarını kobud şəkildə pozan Ermənistanın təxribat əməllərinə dərhal və sərt reaksiya verməyə çağırırıq.