Ombudsman ermənilərin Gəncə və digər əraziləri atəşə tutmasının ildönümü ilə bağlı bəyanat yayıb
Dağıntıların baş verməsinin ildönümü ilə bağlı bəyanat yayıb
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhəri və digər ərazilərini atəşə tutması nəticəsində insan tələfatı və dağıntıların baş verməsinin ildönümü ilə bağlı bəyanat yayıb.
Qazet.az xəbər verir ki, bəyanatda deyilir:
“Dünya ictimaiyyətinə məlumdur ki, 2020-ci il 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri atəşkəs rejimini və beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, Azərbaycana qarşı növbəti dəfə işğalçılıq siyasəti həyata keçirmək niyyəti ilə mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini və sosial obyektləri ağır artilleriya qurğularından, aviasiyadan və xüsusi raket sistemlərindən istifadə etməklə intensiv şəkildə atəşə tutmuş, nəticədə günahsız insanlar qətlə yetirilmişdir. Ötən ilin bu günü - 04.10.2020-ci il tarixində səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri münaqişə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri, qədim tarixə malik, çoxsaylı mədəniyyət obyektləri olan, turizm mərkəzi və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərinə qadağan olunmuş silahlardan istifadə etməklə raket zərbələri endirmişdir.
Həmin gün Ermənistan tərəfindən Cənubi Qafqazın ən böyük su elektrik stansiyası və su anbarının yerləşdiyi Mingəçevir şəhəri də raketlərlə hədəfə alınmışdır. Hərbi əməliyyatların aparıldığı bölgədən çox uzaq məsafədə yerləşən Xızı və Abşeron da eyni gündə Ermənistan tərəfindən hədəf seçilmişdir.
Ermənistan silahlı qüvvələri həmçinin qəsdən və hədəflənmiş şəkildə Beyləqan və Tərtər şəhərlərini, Füzuli rayonunun Horadiz şəhərini, Bərdə, Ağdam, Ağcəbədi, Cəbrayıl, habelə mülki əhalinin sıx məskunlaşdığı digər yaşayış məntəqələrini də ağır artilleriya və raketlərdən istifadə etməklə atəşə tutmuşdur.
Nəticədə dinc əhali arasında çoxsaylı ölən və yaralananlar olmuş, mülki evlərə, tarixi və mədəni abidələrə, inzibati binalara və digər sosial obyektlərə ciddi ziyan dəymişdir.
Tərəfimizdən həmin hücumlardan sonra yerində araşdırmalar aparılmış, əldə edilmiş nəticələr sənədləşdirilərək hesabat formasında beynəlxalq ictimaiyyətə ünvanlanmışdır.
Beynəlxalq humanitar hüquq normaları hərbi əməliyyatların gedişində kombatantlar və mülki şəxslərin, hərbi və mülki obyektlərin aydın şəkildə fərqləndirilməsini tələb etdiyi halda Ermənistan növbəti dəfə beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirərək müharibə cinayətlərinə yol vermişdir.
Təəssüflə qeyd etmək istərdim ki, BMT Nizamnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini, beynəlxalq humanitar hüquq normalarını, Cenevrə Konvensiyalarının, xüsusilə “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Konvensiyanın, “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” 1954-cü il 14 may tarixli Haaqa Konvensiyasının və insan hüquqları sahəsində digər sənədlərin müddəalarını kobud şəkildə pozmaqla müharibə cinayətləri törətmiş Ermənistanın hərbi-siyasi rəhbərliyi hələ də ədalət mühakiməsi qarşısında cavab verməmiş, ağır cinayət əməllərinə görə məsuliyyətə cəlb edilməmişdir.
Təcavüzkar Ermənistanın törətmiş olduğu müharibə cinayətlərinin qarşısının alınması və cinayət törətmiş şəxslərin cəzalandırılması istiqamətində nüfuzlu beynəlxalq təşkilatlar, beynəlxalq məhkəmələr tərəfindən ciddi tədbirlərin görülməməsi həmin şəxslərin insanlıq əleyhinə yeni cinayət əməlləri törətməsinə zəmin yaratmışdır.
Çoxsaylı insan tələfatı ilə nəticələnən və yalnız Azərbaycan xalqı üçün deyil, bəşəriyyət üçün faciəvi hadisələrin ildönümü ərəfəsində bir daha dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara müraciət edərək, beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulması ilə müşaiyət olunan və mülki əhalinin qətlə yetirilməsi ilə nəticələnən müharibə cinayətlərini qəti şəkildə qınamağa və Ermənistanın hərbi-siyasi rəhbərliyinin hüquqi məsuliyyətə cəlb edilməsi istiqamətində qətiyyətli addımlar atmağa çağırıram”.
Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.