Ombudsman İkinci Şəhidlər Xiyabanını ziyarət edib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Aparatın əməkdaşları Zəfər Günü ərəfəsində İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.
Ombudsman Aparatının mətbuat xidmətindən Qazet.az-a bildirilib ki, anım mərasimi zamanı Səbinə Əliyeva çıxış edərək, şəhidlərin ailə üzvlərinə başsağlığı verib, səbir diləyib. O, qəhrəman və rəşadətli ordumuzun Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı düşməndən azad edərək tarixi ədaləti bərpa etdiyini diqqətə çatdırıb.
Səbinə Əliyeva Vətən müharibəsində Zəfər qazanılmasında şəhidlərimizin müstəsna xidmətlərini vurğulayaraq, onların xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını bildirib.
Ombudsman və Aparatın əməkdaşları Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edərək, məzarları üzərinə güllər düzüblər. Şəhidlərin ruhuna dualar oxunub.