Bakı 2˚C Mostly cloudy

On ikinci oyunçunun zühuru

Eksklüziv 11:50 02 avq, 2022

Azarkeşlərin dueli

On ikinci oyunçunun zühuru

Futbol oyununda rəqabəti artıran bir sıra amillər var ki, bu da matça və onun nəticəsinə birbaşa təsir göstərə bilir. Futbolda mənfi və müsbət hallar ümumilikdə hər zaman bu idman növünün diqqət mərkəzində saxlanılmasının təminatçısıdır. Buna görə də, futbol həmişə idman növləri arasında zirvədəki yerini qorumağı bacarıb. Çünki tribunadan təkcə rəqib oyunçulara yox, açılan pankartlarla bütün dünyaya, hədəf kütləyə ismarıc ötürmək mümkündür. Bu kimi hallar matç öncəsi rəngarənglik yaratsa da, həmçinin bəzi hallarda oyunun dayanmasına səbəb olsa da tribunanın əsas bəzəyi olmaq faktını inkar etmir. “Ultras”, “tifo”, “fanklub” kimi adların yer aldığı bu sözlərin bir ortaq nöqtəsi var: Azarkeş. Bəli, onları meydanda on ikinci oyunçu da adlandırırlar. Çünki, azarkeşlər tribunanın əsas simvolu, futbola müxtəlif şüar, açılan bannerlərlə, ölkə və klubun rənglərini simvolizə edən dalğalandırılan bayraqlarla maraq qatan seçilmişlərdir. Kluba sədaqətini hər zaman ev oyunlarında nümayiş etdirən bu seçilmişlər səfər oyunlarında da komandalarını dəstəkləməyi özlərinə borc bilirlər. Bəzi oyunlarda azarkeş dəstəyi meydanda olan fanatların sayı baxımından hər iki komandada bərabərləşir və bu rəqabəti birə-on artırır. 

Azarkeş qarşıdurması...

3 avqust yerli vaxtla 20:00-da UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Qarabağ” Macarıstan çempionu “Ferentsvaroş”la qarşılaşacaq. Oyuna maraq həddindən artıq böyükdür. Bununla yanaşı, matçı maraqlı edəcək amillərdən biri də hər iki klubun rəngarəng və baxımlı azarkeş kütləsinə sahib olmasıdır. Nəzərə alsaq ki, Macarıstan klubunun azarkeşləri səfər oyunlarında da komandalarına güclü dəstək nümayiş etdirir, bu hal Bakıda keçirilən matçda azarkeşlərin duelini də ortaya çıxara bilər. Bəs bu azarkeşlər kimlərdir?

“İmarət” – Bir Qarabağ əfsanəsi...

1951-ci ildə yaradılan “Qarabağ” futbol klubunun azarkeş qrupu “İmarət tayfa” adı altında 2009-cu ildə əsası qoyuldu. Azarkeş qrupu yarandığı gündən bir ideologiyaya xidmət edir: Qarabağın yaşadığı həqiqətləri yaşatmaq. Futbol klubunun əfsanəvi baş məşqçisi olmuş, Milli Qəhrəman Allahverdi Bağırov qrupun əsas idealıdır. 2013-cü ildən komandanı səfər oyunlarında da daimi dəstəkləyən “İmarət Avropa” qolu yaradıldı. Azarkeş dəstəyi bütün çətinliklərinə rəğmən komandanı istənilən oyunda lazimi dəstəyi vermək baxımından mühüm əhəmiyyət kəsb edir. “İmarət tayfa” azarkeş qrupunun yaradıcısı Elvin İbrahimov öz müsahibələrindən birində bu sözləri demişdi: “Qrupun daxilində ateist də ola bilər, müsəlman da. Nasist də ola bilər, milliyyətçi də. Bu qədər fərqli dünyagörüşlü insanlar yalnız bir ideologiyanın ətrafında birləşir: Vətənpərvərlik. Qarabağ. Bütöv Azərbaycan. Bizim məqsədimiz nə diqqət mərkəzində qalmaqdır, nə də əfsanə olmaq. Biz sadəcə Qarabağ uğrunda döyüşməyə hazır uşaqlar olduğumuzu göstərmək istəyirik”. 

“Ferentsvaroş” və “Green Monsters” (“Yaşıl bədheybətlər”)

Macarıstanın paytaxtı Budapeştin 9-cu rayonu olan “Ferentsvaroş” 1899-cu ildə bir qrup yerli sakin tərəfindən təsis edilib. Klubun əsas rəngləri ağ və yaşıl olduğundan klub iki “Yaşıl qartallar” və “yaşıl ağlar” adı ilə tanınır. Bununla yanaşı, “Qarabağ”ın bu turda rəqibi olan klubun azarkeşləri özlərini “Yaşıl bədheybətlər” adlandırırlar. 18-40 yaş arası şəxslərin cəmləşdiyi azarkeş qrupu 1995-ci ildə yaradılıb. Bununla yanaşı, 1928-ci ildə yaradılan klubun ən qədim azarkeş qrupu “B-Közép” (“Sektor B”) hesab olunur. Klubun azarkeşləri tez-tez ölkə çempionatında insident yaratmış və müəyyən siyasi mesajlara görə Avropanın radikal azarkeş qruplarından hesab olunur. Bununla belə, “Ferentsvaroş” azarkeşi xarici medialardan birinə verdiyi müsahibədə siyasətdən uzaq olduqlarını söyləyib: “Azarkeş qrupu olaraq siyasətdən uzağıq, amma əlbəttə ki,  “Ferentsvaroş”u dəstəkləyən digərləri kimi vətənpərvər və sağçıyıq. Əgər bu fikirdə olmasaq, klubun bütün tarixinə tüpürmüş olarıq”.

Görünən odur ki, ənənələrinə sadiq olan hər iki klubun azarkeşləri Çempionlar Liqasında komandalarından baxımlı oyun gözləyirlər.Bu səbəbdən istər Bakıda, istərsə də Budapeştdə keçirələcək matçlara maraq böyükdür və ajiotaj qaçınılmazdır. “Qarabağ”ın mətbuat katibi Gündüz Abbaszadənin verdiyi məlumata görə, “Ferentvaroş”u 50 nəfərdən ibarət azarkeş qrupu Tofiq Bəhramov adına Respublika stadionunda dəstəkləyəcək. Komandalar da öz növbələrində azarkeşlərə güvənir və onları stadionda komandalarına sonuna qədər dəstək olduqlarını görmək niyyətindədirlər. Çünki azarkeş qrupunun bu cür dəstəyi onlar üçün əlavə stimuldur. On ikinci oyunçu onlara əlavə ruh yüksəkliyi verir. Bu baxımdan, on ikinci oyunçunun zühuru futbolçular və ümumilikdə komanda oyunu baxımından vacibdir.

Azad Nuriyev