On məktəblidən biri ailəsindəki heç kimi nümunə kimi görmür - SORĞU
Azərbaycanda 10 məktəblidən biri ailəsindəki heç kimin davranış və şəxsiyyətini nümunə kimi görmür.
Qazet.az xəbər verir ki, bu, "Azərbaycanda uşaqların ailə-cəmiyyət münasibətlərində yeri və rolu" mövzusunda keçirilən ictimai rəy sorğusunun nəticəsində məlum olub.
Sosial Tədqiqatlar Mərkəzi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədqiqat layihəsində uşaq hüquqlarının təminatı və böyüməkdə olan gənc nəslin inkişafı ilə bağlı genişmiqyaslı məsələlər əhatə olunub.
Sorğuda 2400 respondentin və 24 ekspertin rəyi öyrənilib. Sorğu Bakı və Abşeron, Quba-Xaçmaz, Dağlıq-Şirvan, Şəki-Zaqatala, Aran, Gəncə-Qazax, Yuxarı Qarabağ, Lənkəran iqtisadi rayonlarını əhatə edib.
Tədqiqatın əsas məqsədi ölkədə uşaq hüquqlarının təmin edilməsinə, onların marağının qorunmasına, bu sahələrdəki problemlərə və müsbət təcrübələrə dair ölkədə ümumi vəziyyətin təsvirini sosioloji tədqiqat vasitəsilə öyrənmək olub.
Tədqiqatda qarşıya qoyulan məqsədə nail olmaq üçün şəxsi inkişaf və asudə vaxtın təşkili, internetdən istifadə, ailə ilə münasibətlər, tədris, uşaq əməyi, uşaq hüquqları üzrə vəzifələri yerinə yetirmək nəzərdə tutulub. Qeyd olunan mövzular hər biri ayrı-ayrılıqda tədqiqatın vəzifəsi olmaqla, bir sıra metodların kompleks istifadəsi ilə öyrənilib. Bura həm kəmiyyət sorğusu, həm keyfiyyət müsahibələri, eyni zamanda müvafiq elmi ədəbiyyatın təhlili aiddir. "Şəxsi inkişaf və asudə vaxtın təşkili" bölməsində valideynlər tərəfindən uşaqların məktəbdənkənar vaxtının necə təşkil edilməsi sosioloji sorğu üzərindən təhlil edilib. Eyni zamanda uşaqların maraqlarının təmin olunmasında, habelə asudə vaxtının təşkilində ailələrin maddi vəziyyəti ilə uzlaşdırılması araşdırılıb.
Yeniyetmə və gənc məktəblilərin şəxsiyyət kimi formalaşmasında, gələcək peşə seçimində ailənin və ətraf insanların təsirləri təhlil edilib. “İnternetdən istifadə” bölməsində müasir dövrün informasiya-kommunikasiya tələbatının uşaqlar üzərindəki təsirlərindən bəhs edilir. İnternetin yaratdığı asılılıq, uşaqların internet resurslarından istifadə etmək bacarıqları, informasiya-kommunikasiya sahəsində yeniyetmə və gəncləri cəlb edən məqamlar yer alıb.
Sorğunun nəticələrinə görə, məktəbli respondentlərin 93,5%-i internetdən istifadə edir. Onların 10,1%-i gün ərzində 5 saatdan çox internetdə vaxt keçirir. "Ailə ilə münasibətlər" bölməsində valideynlərin uşaqlar üzərindəki təsirlərinə dair sosioloji tədqiqat aparılıb. Burada uşaqlara ailədə verilən tərbiyədən, onlara qarşı davranışlardan, diskriminasiyalardan bəhs edilir. Sorğu vasitəsilə ailə daxilində ünsiyyət formaları, ailə üzvləri ilə psixoloji yaxınlıq və sair bu kimi sosioloji məqamlar təhlil edilib.
Respondentlərə ailə üzvləri və qohumlarından daha çox kimi özünə nümunəvi şəxs kimi götürmüsən suallarına da cavab verib. Məsələn, atanı oğlanların 44,2%-i, qızların isə 21,1%-i seçib. Əksinə, ananı nümunə kimi göstərənlərin 43,1%-i qız, 12,5%-i oğlandır. Eyni qanunauyğunluğu babanı daha çox oğlanların, nənəni qızların seçməsini, daha sonra bibi, xala, əmi, dayı seçimində də görə bilərik. Bu, bir daha sübut edir ki, nümunə kimi seçilən şəxs yetişməkdə olan şəxsiyyətin özünü identifikasiya etdiyi, davranışlarını ona nəzərən qurduğu insandır. Ümumi faiz göstəricilərində nəzərəçarpan əsas məsələ ata və ananın qazandığı faiz göstəricilərinin digər ailə üzvlərinin qazandığı faizlərdən kəskin fərqlə irəlidə olmasıdır. Bu, öz-özlüyündə labüd görünsə də, eyni zamanda dolayı yolla uşaqların məhz nuklear ailə üzvlərinə yönümlü olmasının göstəricisi ola bilər. Ancaq diqqəti cəlb edən digər məsələ ailədə heç kimi nümunə kimi görməyən respondentlərin statistik əhəmiyyətli 8,1% toplamasıdır, yəni təqribən hər 10 məktəblidən biri ailəsindəki heç kimin davranışı və şəxsiyyətini nümunə kimi görmür.
"Tədris" bölməsində şagirdlərin səriştələrə yönəlik təhsil mühitinin yaradılması, məktəbə bağlılıq, təlim prosesinə uyğunlaşma, psixoloji-sosioloji adaptasiya məsələləri tədqiq edilib. Burada orta məktəblərdə psixoloji işin təşkilində valideyn-müəllim münasibətlərinin təşkili də yer alıb. Eyni zamanda COVID-19 pandemiyasının yaratdığı gerçəkliklər ölkədə tədris sistemində distant təhsillə bağlı yeni baxış formalaşdırıb. Tədqiqatın bu bölməsində distant təhsil dövründə uşaqların onlayn təhsilə əlaçatanlığı, yaranmış problemlər araşdırılıb.
Sorğuya görə, respondentlərin 46.9%-i karantin dövründə bütün onlayn dərslərdə iştirak etdiyini, 19.9%-i gündə bir neçə dərsdə iştirak etdiyini, 8.7%-i həftədə bir neçə dəfə iştirak etdiyini, 8.8%-i nadir hallarda iştirak etdiyini bildirib. “Uşaq əməyi” bölməsində beynəlxalq təşkilatları da narahat edən uşaq əməyinin istismarından bəhs edilir. Aparılan tədqiqat çərçivəsində Azərbaycanda uşaq əməyinin vəziyyəti təhlil edilib. Eyni zamanda ölkədə əməyə cəlb edilən uşaqların klassifikasiyası müəyyən edilib.
Sorğuda iştirak edən məktəblilərin 3,6%-i müxtəlif sahələrdə işlədiyini bildirib. “Uşaq hüquqları” bölməsində isə milli və beynəlxalq hüququn tələbinə uyğun uşaqların müdafiəsinin təşkilindən bəhs edilir.