Ordubad Mətbəxinin Ballı Qayğanağı - Video
Naxçıvan mətbəxinin əvəzolunmaz yeməklərindən biri də ballı qayğanaqdır.
Bu unikal omleti Naxçıvan Muxtar Respublikasının kiçik cənub şəhəri olan Ordubadda hazırlayırlar. Bu şəhərin sakinləri dadlı yeməkləri çox sevirlər. Ordubadın ənənəvi ballı qayğanağı Azərbaycan mətbəxini dünya mətbəxləri arasında təkrarsız edən yeməklərdən biridir.
Omletin əsas xüsusiyyəti onun müxtəlif məhsulları bir araya gətirə bilməsindədir. Belə ki, həmin məhsullar qayğanaqda bir-birini ideal şəkildə tamamlayır. Yumurta, yağ və bal müxtəlif yeməklərin tərkibində tez-tez rastlanan və bir-birinə uyğun gələn məhsullardır. Ordubad yeməyi də bu baxımdan istisna təşkil etmir və həmin məhsullar qayğanağın əsas inqredientləridir. Onların sadə şəkildə birləşməsi omletə unudulmaz dad verir. Ballı qayğanağın piroqa oxşadığını da qeyd etmək lazımdır.
Ordubadda bütün mühüm ailə tədbirləri onsuz ötüşmür. Ballı qayğanaq ordubadlı ailələr üçün əlamətdar yeməkdir, ailələrdə onu hazırlamaq bacarığı anadan qıza ötürülür. Ballı qayğanağı toyun sabahı, uşağın anadan olduğu gün və digər təntənəli hadisələr zamanı hazırlayırlar. Ən yaxşısı Naxçıvandakı şənliklərin birində, yaxud da yaxın dostlarınızla birlikdə stol arxasında deyib-gülərək Ordubad qayğanağının dadına baxmaqdır. Qayğanağın dadına baxanda təəccübünüzü gizlədə bilməyəcəksiniz, çünki yeməyin yüngül şirinliyi və ağlı başdan alan yumşaqlığı bir dəqiqəliyinə də olsa sizi başqa bir dad aləminə aparacaq. Şirin-ballı qayğanaq ağızda əriyir.
Ordubad qayğanağını hazırlamaq elə də çətin deyil. Əsas odur ki, lazımı temperaturu saxlayasan və omleti vaxtında çevirəsən. O zaman içi havalı, üzəri isə ləziz və qızılı rəngdli pərdə ilə örtülmüş ballı yemək alınacaq.
Yağı iki qazanda əritmək lazımdır.
Yumurta çalınaraq bir qazançaya tökülür, omlet şişəndən sonra onun üzərinə digər qazandakı yağ əlavə edilir
Yağı canına çəkməsi üçün omletdə oxlovla dəlik açılır. O bir az qatılaşanda isə çevrilir. Omlet tam hazır olanadək onu iki-üç dəfə çevirmək və üzərinə yağ əlavə etmək lazımdır. Ardından baldan şərbət hazırlanır. Şərbətə bir çimdik zəfəran əlavə edilir. Hazır omlet-piroqu boşqaba qoyulur və üzərinə soyuq bal şərbəti tökülür. Omleti çayla verirlər.
Resept:
Ordubad qayğanağını 10 nəfər üçün hazırlayarkən tələb olunanlar:
- 2 kq ərinmiş yağ
- 12-18 ədəd yumurta
- 1 litr bal
- 1 çimdik duz
- 1 çimdik zəfəran
- Yarım xörək qaşığı un
- 0,5-1 stəkan su
- Omleti vaxtında çevirməkdə zərgərlik dəqiqliyi
Resept 10 porsiya üçün nəzərdə tutulub, təkcə özünüz üçün isə daha az sayda məhsulla hazırlaya bilərsiniz.
Əsas tövsiyəmiz Naxçıvan diyarına getməyinizdir. Ordubada baş çəkin və şirəli Ordubad qayğanağının dadına şəxsən özünüz baxın.
Müstəqillik gününüz mübarək, əziz oxucularımız, ağız dadınız həmişə gözəl olsun!