Ötən il Azərbaycanda psixi və ya davranış pozğunluğuna məruz qalan uşaqların sayı açıqlanıb
Bunu Səhiyyə nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova deyib

“Ötən il psixi və ya davranış pozğunluğu ilə əlaqəli ilk dəfə qeydə alınan 18 yaşa qədər uşaqların sayı 2 629 nəfər təşkil edib”.
Qazet.az xəbər verir ki, bunu Səhiyyə nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova deyib.
Nazirlik rəsmisi bildirib ki, 0-13 yaş arasında olan belə uşaqların sayı isə 1 946 olub: “Bu rəqəmlərin tendensiyası artmağa doğru gedir. Pandemiya ilə ələqəli belə faktlar çox oldu. Ən çox bullinqə 12-18 yaş arasında olan uşaqlar məruz qalır. Belə hallar adətən yeniyetməlik dövründə müşahidə olunur.
Müəyyən qrup uşaqlar var ki, onlar daha çox bullinqə məruz qalırlar. Hansılar ki məktəb və ya sinfini dəyişmək məcburiyyətində qalanlar bu qrupa aid edilirlər”.
O qeyd edib ki, sinfini dəyişən şagird tez bir zamanda yeni yoldaşlarına uyğunlaşmaqda çətinlik çəkir: “Yeni sinif yoldaşları da yeni gələn şagirdi asanlıqla qəbul etmək istəmirlər. Daha çox həssas, konfliktli və zarafatları narahatlıq kimi qəbul edənlər bullinqə tez məruz qalır. Belə uşaqlar da şiddətə məruz qoymağı xoşlayanların hədəfinə çevrilmiş olurlar. Ailədaxili münaqişədən əziyyət çəkənlər cəmiyyətə elə də tez adaptə oluna bilmirlər. Sinif də həmin uşaqları tez hədəfə alırlar”.