Bakı 9˚C Intermittent clouds

Özbəkistanla memorandum imzalandı

Multimedia 11:15 22 noy, 2022
Özbəkistanla memorandum imzalandı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC ilə “Özbəkistanın telekommunikasiya şəbəkələrinin idarə edilməsi üzrə Respublika Mərkəzi” Dövlət Unitar Müəssisəsi arasında memorandum imzalanıb.

Qazet.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, memorandum mobil cihazların qeydiyyatı sahəsində birgə fəaliyyətin təşkilini nəzərdə tutur.

Bununla əlaqədar Özbəkistanın İnformasiya Texnologiyalarının və Kommunikasiyalarının İnkişafı Nazirliyi, Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin, “Özbəkistanın telekommunikasiya şəbəkələrinin idarə edilməsi üzrə Respublika Mərkəzi” Dövlət Unitar Müəssisəsinin, həmçinin “İnformasiya Texnologiyaları Mərkəzi” şirkətinin rəhbər şəxsləri “AzInTelecom”da olublar. Görüşdə şirkətin surəti köçürülmüş IMEI kodlarla qeydiyyatdan keçirilən mobil cihazlara qarşı Azərbaycanda həyata keçirdiyi mübarizə tədbirləri haqda məlumat verilib. Tərəflər bu sahədə əməkdaşlıq perspektivləri, itirilmiş və oğurlanmış, surəti köçürülmüş IMEI kodlarının vahid “qara siyahı”sının inteqrasiya edilməsi, təcrübə və məlumat mübadiləsi barədə müzakirə aparıblar.

Görüşün yekununda mobil cihazların qeydiyyatı sahəsində birgə fəaliyyətin təşkili ilə bağlı memorandum imzalanması ilə yanaşı, müvafiq İşçi Qrupunun yaradılmasına qərar verilib.

“AzInTelecom” mütəmadi olaraq monitorinq edərək surətinin köçürülməsi şübhəsi olan IMEI kodları üzrə ətraflı araşdırma aparır. Həmin IMEI kodunun köçürüldüyü cihazlar yalnız üzərində olan nömrələrlə telekommunikasiya şəbəkəsindən istifadəyə davam edirlər. Bu istiqamətdə mübarizə tədbirləri çərçivəsində indiyədək 460 IMEI koduna “klon” statusu verilib. Həmin IMEI kodları son üç ayda 261093 ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb.