Pakistanlı qadın küfrə görə ölümə məhkum edildi
1982-ci ildən ölkədə 1742 nəfər təhqir ittihamı ilə məhkum olunub.

Pakistan məhkəməsi Lahor şəhər məktəbinin direktoru olan qadını küfr etdiyinə görə edama məhkum edib.
“Qazet.az" xəbər verir ki, Pəncab əyalət məhkəməsi yerli din xadiminin şikayəti əsasında Səlma Tanvar adlı qadına qarşı “Məhəmməd islamda sonuncu peyğəmbər deyil” sözlərindən sonra 2013-cü ildə ittiham irəli sürüb. Tanvirin günahının sübutu 8 il çəkib və bu müddət ərzində azadlıqdan məhrum edilib. Məhkəmə edam cəzası verərkən qadının psixi sağlamlığının yerində olması barədə tibbi arayışı da nəzərə alıb. Səlmanın vəkili hökmdən apellyasiya şikayəti verəcəklərini bildirib.
Qeyd edək ki, Pakistanda hələ ingilis müstəmləkəçilik dövründən küfr ağır cinayət hesab olunub və sərt cəzalandırılıb. Sabiq pakistanlı general Ziya-ül-Haq hakimiyyəti dövründə - 1980-ci illərin əvvəlində bu cəzanı ağırlaşdıraraq küfrə görə ölüm hökmü qərarı qəbul edib. 1982-ci ildən ölkədə 1742 nəfər təhqir ittihamı ilə məhkum olunub. Onların əksəriyyəti bu cür ağır ittiham aktı ilə bağlı vəkillərin məhkəmələrdə çıxış etmək istəməmələri səbəbindən hüquqi müdafiə ilə təmin olunmayıblar.
lenta.ru