Parataekvondoçularımız 2 qızıl medal QAZANDI
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda parataekvondo üzrə Qran-pri yarışlarının final mərhələsi keçirilib.
Qazet.az xəbər verir ki, bu seriyada ilin yekun yarışını Azərbaycan millisi 2 qızıl medalla başa vurub.
Baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında mübarizə aparan komandamızın heyətində Sabir Zeynalov (58 kq, K-44) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, Braziliya, İsrail və Türkiyədən olan parataekvondoçuya qalib gələrək, Ər-Riyadda Azərbaycan himnini səsləndirib.
Zeynalovun uğurunu komanda yoldaşı İmaməddin Xəlilov (70 kq, K-44) da təkrarlayıb. Təmsilçimiz Özbəkistan, Yaponiya və Argentinadan olan rəqiblərini məğlub edərək, yarışın qızıl medalına yiyələnib.
Hər iki paratekvondoçu qalib olmaqla aktivinə 100 reytinq xalı əlavə edib.
Qeyd edək ki, Qran-pri yarışlarının final mərhələsində sabah taekvondo yarışları başlayacaq. Azərbaycan turnirdə 173,94 xalla dünya reytinqində 10-cu olan Cavad Ağayevlə təmsil olunacaq.