Bakı 21˚C Windy

Parlament ulduz kateqoriyası olmadan fəaliyyət göstərən hotellərin cərimələnməsini təsdiqləyib

Biznes 15:24 27 dek, 2021

Parlamentin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb

Parlament ulduz kateqoriyası olmadan fəaliyyət göstərən hotellərin cərimələnməsini təsdiqləyib

Milli Məclis ulduz kateqoriyası olmadan fəaliyyət göstərən hotellərin cərimələnməsini təsdiq edib.

Qazet.az-ın xəbərinə görə, parlamentin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə Məcəlləyə yeni maddə (428-1. Turizm haqqında qanunvericiliyin pozulması) əlavə edilir.

Yeni maddəyə əsasən, sığortaçı ilə mülki məsuliyyət sığortası müqaviləsi bağlamadan turoperator və ya turagentlər tərəfindən turizm zərfinin satışının həyata keçirilməsinə görə - fiziki şəxslər min manat, hüquqi şəxslər iki min manat məbləğində cərimə ediləcək.

Mehmanxanalar (hotellər) tərəfindən “Turizm haqqında” qanunun 9.1-ci maddəsinə uyğun olaraq ulduz kateqoriyası müəyyənləşdirilmədən fəaliyyət göstərilməsinə görə - iki min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək..

Qanunun 13.2–13.4-cü maddələrinin tələbləri pozularaq, Turizm Reyestrinə daxil edilməli olan məlumatların daxil edilməməsinə və ya vaxtında daxil edilməməsinə, Turizm Reyestrindəki məlumatların yenilənməməsinə və ya vaxtında yenilənməməsinə görə - üç yüz manat məbləğində cərimə ediləcək.

Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılmamasına görə - iki yüz manat məbləğində cərimə ediləcək.

Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.