Parlamentdə 2023-ün dövlət büdcəsi layihəsi müzakirə ediləcək
Sabah - noyabrın 16-da Milli Məclisin plenar iclasında 2023-cü ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi başlayır.
Qazet.az-ın xəbərinə görə, büdcə zərfinə "2023-cü ilin dövlət büdcəsi haqqında”, " 2023-cü il üçün yaşayış minimumu haqqında”, "2023-cü il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihələri, Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının gələn il üçün xərclər smetaları daxildir.
Toplantıda hökumət üzvləri iştirak edəcəklər.
Qeyd edək ki, 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 720 700,0 min manat, xərcləri 33 300 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 29 963 720,0 min manat, yerli gəlirləri 756 980,0 min manat, mərkəzləşdirilmiş xərcləri 32 530 714,0 min manat, yerli xərcləri 769 286,0 min manat) məbləğində proqnozlaşdırılır.