Partiyalar üçün yeni hüquq və vəzifələr
Azərbaycanda siyasi partiyalar üçün yeni hüquq və vəzifələri müəyyənləşib.
Qazet.az xəbər verir ki, bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində öz əksini tapıb.
Siyasi partiya aşağıdakı hüquqlara malikdir:
- məqsədləri və fəaliyyəti barədə informasiyanı sərbəst yaymaq,
- ideyalarını, məqsədlərini və proqramını təbliğ etmək;
- digər siyasi partiyalarla fəaliyyətin əlaqələndirilməsi, habelə ümumi mənafelərin təmsil və müdafiə edilməsi məqsədilə könüllülük əsasında birləşib ittifaqlar və siyasi bloklar yaratmaq;
- Milli Məclisinin deputatlarının, Azərbaycan Prezidentinin və bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin (referendumun) keçirilməsində iştirakla bağlı Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş hüquqları həyata keçirmək;
- fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı iclaslar, görüşlər konfranslar və müşavirələr keçirmək;
- “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və piket keçirmək;
- bu Qanunun 3.5-ci maddəsinə uyğun olaraq özünün hüquqlarını və qanuni maraqlarını müdafiə etmək;
- siyasi partiyanın nizamnaməsində (proqramında) qeyd olunmuş məqsədlərlə (hədəflərlə) razı olmayan şəxsi üzvlüyə qəbulundan imtina etmək;
- fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı təşəbbüslə çıxış etmək, o cümlədən dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına müvafiq təkliflər vermək;
- hüquqi aktların layihələrini hazırlamaq və aidiyyəti üzrə təqdim etmək, həmçinin dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları tərəfindən hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, hüquqi aktlarda dəyişikliklər edilməsi, onların şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi ilə bağlı məsələ qaldırmaq;
- “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çap mediasını təsis etmək (çap mediasının iştirakçısı olmaq);
- bu Qanunun 19-cu maddəsində nəzərdə tutulmuş qaydada beynəlxalq əməkdaşlıq əlaqələri qurmaq;
- bu Qanunun 24-cü maddəsində nəzərdə tutulmuş qaydada ianələr qəbul etmək;
- qısaldılmış ada, həmçinin emblemə, bayrağa və s. rəmzlərə malik olmaq;
- konfranslar, görüşlər, müzakirələr və digər ictimai tədbirlər keçirmək;
- Azərbaycanın Dövlət Bayrağını keçirdiyi tədbirlər zamanı qaldırmaq (asmaq) və ya yerləşdirmək;
- bu Qanuna, həmçinin Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq digər hüquqları həyata keçirmək.
Siyasi partiya sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz.
Siyasi partiyanın aşağıdakı vəzifələri var:
- öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, digər normativ hüquqi aktlarına və öz nizamnaməsinə riayət etmək;
- üzvlərinin reyestrini aparmaq;
- Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin (referendumun) keçirilməsində iştirakla bağlı Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək;
- bu Qanunun 27-ci maddəsinə uyğun olaraq mühasibat uçotunu aparmaq, maliyyə hesabatını və maliyyə fəaliyyətinə dair əlavə məlumat və sənədləri aidiyyəti üzrə təqdim etmək;
- dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləmək;
- dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinə müdaxilə etməmək;
- digər siyasi partiyanın öz siyasi ideyalarını və baxışlarını azad və sərbəst yaymaq hüququna hörmət bəsləmək;
- keçirdiyi mərasimlər və digər təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət Bayrağını qaldırarkən və ya asarkən Azərbaycan Respublikası Dövlət Himninin ifa edilməsini təmin etmək;
- bu Qanuna, həmçinin Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq digər vəzifələri yerinə yetirmək.