Paşinyan sülhə buna görə “hə” deyir
Ermənistan anlayır ki, Rusiyanın vəziyyəti ağırlaşdıqca, Moskva öz qoşunlarını Ermənistandan çəkməli olacaq
“Ermənistanın baş naziri Nikol Paşinyanın sülh müqaviləsi və sərhədlərin delimitasiyası, demarkasiyası ilə bağlı səsləndirdiyi fikirlər əslində yeni deyil. Paşinyan daha əvvəl də sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, sülh müqaviləsinin imzalanması ilə bağlı öz fikirlərini səsləndirib. Sadəcə olaraq Paşinyanın dilindən bu ifadələr yenidən təkrarlanıb. Fərz edirəm ki, bu ifadələrin yenidən səsləndirilməsinə regionda və dünyada baş verən hadisələr də öz təsirini göstərib”.
Qazet.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov deyib.
Millət vəkilinin fikrincə, Ermənistan anlayır ki, Rusiyanın vəziyyəti ağırlaşdıqca, Moskva öz qoşunlarını Ermənistandan çəkməli olacaq:
“Ən azından, orada yerləşən hərbi hava qüvvələri çıxmaq məcburiyyətində qala bilər. Rusiya sanksiyaların altına düşəcəyi təqdirdə onun maliyyə vəziyyəti, iqtisadi durumu ağırlaşacaq. Nəzərə alaq ki, Rusiyada hazırda 2 milyondan artıq erməni yaşayır. Onların pulları hesabına Ermənistandakı əhali dolanırdı. Bu gedişlə Ermənistanın bu imkanları da əlindən çıxacaq. Belə olan halda Ermənistanın baş naziri anlayır ki, bölgədə sülhün olması, kommunikasiyaların açılması bu ölkə üçün yeganə vəziyyətdən çıxış amilidir. Hərbi xərclərin ağırlığı, Rusiyadan yardım ala bilməməsi Ermənistanı çökdürə bilər. Ermənistanın siyasi rəhbərliyi ağıllanıbsa, doğrudan da sülhə doğru addım atmaq istəyirlərsə, Azərbaycan da buna qarşılıq verməyə hər zaman hazırdır. Biz bölgədə sülhün bərpa olunmasını istəyirik. Regionda sülhün davamlı olmasının tərəfdarıyıq. Biz istəyirik ki, kommunikasiya xətləri açılsın. Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşması da bölgədəki ab-havanı dəyişə bilər. Bu istiqamətdə irəliləmək vacibdir”.