Paşinyan yenə sərsəmlədi: İki erməni "dövləti...”
“Biz öz məğlubiyyətimizi qələbəyə çevirməliyik"
Ermənistanın müstəqilliyinin 30-cu ildönümü ilə bağlı İrəvanın Respublika meydanında tədbir başlayıb.
Qazet.az xəbər verir ki, tədbirdə çıxış edən Ermənistan Baş naziri Nikol Paşinyan yeni də ənənəvi erməni işğalçı siyasətindən imtina etmədiyini nümayiş etdirib.
O deyib ki, ermənilər bu illərdə uğur və uğursuzluq, göz yaşları və sevinc, ümid və ümidsizlik, müharibə, qələbə və məğlubiyyət görüb:
“İndi sual budur ki, necə yaşamalıyıq və ölənlərin atasının, anasının, övladlarının gözünə necə baxmalıyıq; nə etməliyik ki, onların ölümü mənasız olmasın. Bizim başlıca vəzifəmiz gələcək üçün düzgün orientasiyanı müəyyən etməkdir”.
Paşinyanın sözlərinə görə, tarix bəzən qələbənin heç də həmişə qələbə, məğlubiyyətin isə heç də həmişə məğlubiyyət olmadığını sübut edib:
“Biz öz məğlubiyyətimizi qələbəyə çevirməliyik. Qəhrəmanlar Ermənistan və “artsax” üçün öldülər. Hələlik iki erməni “dövləti” varsa, ölən qəhrəmanlar sağdırlar. İki “respublika” çiçəklənirsə, onların ölümü mənasız deyil”.
Qeyd edək ki, 10 noyabr 2020-ci ildə tam kapitulyasiyaya imza atan və erməni əsgərlərin Azərbaycandan çıxarılmasını qəbul edən Paşinyanın bu ritorikası birmənalı qarşılana bilməz. Çünki N.Paşinyan Ermənistanın gələcəyi haqda danışarkən, yenidən əski işğal siyasətini davam etdirəcəyinə işarə edir. Azərbaycanın bütün dünyada qəbul edilən ərazi bütövlüyü tanınmayınca və Qarabağın işğalı planından imtina etmədikcə isə Ermənistanın heç bir gələcəyi ola bilməz. Erməni xalqı da işğal və müharibə iddialarından əl çəkdiyi üçün Paşinyana məğlubiyyətdən sonra təkrar etimad göstərdi.
Buna baxmayaraq, N.Paşinyanın qisasçı və müharibə əhval-ruhiyyəli açıqlaması, Azərbaycanın ərazi bütövlüyünə meydan oxuması düşündürücüdür.