Pedaqoji kadrların bacarıqları təkmilləşdirilir
Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən “Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi metodikası” ixtisasartırma proqramı çərçivəsində təlimləri davam edir.
İnstitutdan Qazet.az-a bildirilib ki, təlimlərin keçirilməsində əsas məqsəd pedaqoji kadrların təkmilləşdirilməsi və müvafiq istiqamətdə səriştələrinin inkişaf etdirilməsidir.
Növbəti təlimlərdə müəllimlər oxuyub-anlama prosesinin təşkili, meyarların tərtibi qaydaları və qiymətləndirmə vasitələrinin hazırlanması ilə bağlı bilik və bacarıqlarını artırıblar. Eyni zamanda, müxtəlif praktik məşğələlər vasitəsilə oxuyub-anlama prosesinin təşkili, səmərəli oxu üsulları, davamsız mətnlər üzrə işin təşkili metodikası, beynəlxalq qiymətləndirmə tədqiqatlarında oxunun qiymətləndirilməsi meyarları ilə bağlı biliklər əldə edib, yeni üsullarla tapşırıqlar hazırlamağın yollarını öyrənmək imkanı qazanıblar.
Qeyd edək ki, prosesə cəlb olunan əməkdaşların fənlərin tədrisi metodikası, ümumi metodika və pedaqogika ilə bağlı bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində onlar üçün mütəmadi olaraq təlimlərin keçirilməsi nəzərdə tutulur.