Bakı 6˚C Dreary

Pekin-2022: Antidopinq proqramının monitorinq edilməsinə AMADA-nın direktoru rəhbərlik edəcək

İdman 07:12 17 noy, 2021

Qeyd edək ki, beynəlxalq yarışlarda antidopinq prosesinə Müstəqil Müşahidəçi Qrupu tərəfindən nəzarət edilməsi 2000-ci il Sidney Olimpiadasından tətbiq olunur. 

Pekin-2022: Antidopinq proqramının monitorinq edilməsinə AMADA-nın direktoru rəhbərlik edəcək

İlk dəfə olaraq Azərbaycan nümayəndəsi, Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli dünyanın ən mötəbər beynəlxalq idman yarışlarından olan Qış Paralimpiya Oyunlarında Ümumdünya Antidopinq Agentliyinin (WADA) Müstəqil Müşahidəçi Qrupuna rəhbərlik edəcək.

AMADA-dan qazet.az-a verilən məlumata görə, bu barədə qərar bu gün WADA tərəfindən açıqlanıb.

WADA-nın baş direktoru Olivier Niggli bildirib ki, son illər ərzində qurumun Müstəqil Müşahidəçi Qrupları bir çox beynəlxalq yarışlarda dopinq nəzarəti sisteminin bütövlüyünün və beynəlxalq standartlara uyğunluğunun qorunmasına töhfə verib. Pekin-2022 üçün seçilmiş Müşahidəçi Qrupları ədalətli oyun dəyərlərinə sadiq və idmançıların ən yaxşı antidopinq proqramından faydalanması istiqamətində çalışan peşəkarlardan ibarətdir. Qərara əsasən Paralimpiya Oyunlarında WADA-nın Müstəqil Müşahidəçi Qrupuna Azərbaycandan Şəfəq Hüseynli, Olimpiya Oyunlarında isə Böyük Britaniyadan olan Hiteş Patel rəhbərlik edəcək.

Yarandığı 2016-cı ildən etibarən WADA ilə sıx əməkdaşlıq edən AMADA öz öhdəliklərini peşəkarcasına beynəlxalq standartlara uyğun yerinə yetirməklə yanaşı qlobal antidopinq siyasətinə də daima öz töhfəsini verir. Məhz bu cür əzmkarlığın və ölkəmizin beynəlxalq səviyyədə layiqincə təmsil edilməsinin nəticəsidir ki, Azərbaycan nümayəndəsi, Şəfəq Hüseynli həm WADA-nın, həm də digər beynəlxalq təşkilatların müxtəlif komitə, komissiya və işçi qruplarında təmsil olunur, qlobal antidopinq siyasətinin formalaşmasında iştirak edir. Bu, Azərbaycan nümayəndəsinə antidopinq hərəkatında göstərilən böyük bir inamdır. Şəfəq Hüseynli hazırda WADA-nın milli antidopinq təşkilatları üzrə ekspert məşvərətçi qrupunun üzvüdür, Avropa Şurasının insan hüquqları üzrə xüsusi ekspert qrupunun sədr müavini, gender bərabərliyi məruzəçisi və bir sıra beynəlxalq antidopinq layihələrin rəhbəridir. O, Qış Paralimpiya Oyunları kimi mötəbər tədbirdə WADA tərəfindən Müstəqil Müşahidəçi Qrupuna artıq rəhbər qismində təyin edilməsi qurumun ona davamlı olan böyük etimadın növbəti nümunəsidir.

Qeyd edək ki, beynəlxalq yarışlarda antidopinq prosesinə Müstəqil Müşahidəçi Qrupu tərəfindən nəzarət edilməsi 2000-ci il Sidney Olimpiadasından tətbiq olunur. İndiyədək 50-dən çox beynəlxalq yarışda tətbiq edilən bu sistem dopinq nəzarətinin beynəlxalq standartlara uyğunluğunu monitorinq edən əsas elementlərdən biridir.

Müşahidəçi Qrupun üzvləri oyunlar zamanı hər gün yarışlarda antidopinq proqramının necə həyata keçirilməsini, o cümlədən test planlaşdırması, bildiriş prosesi və dopinq nəzarəti işçilərinin fəaliyyətini əyani müşahidə edəcəklər. Qrup üzvləri eyni zamanda nümunələrin toplanması, analiz üçün təhvil verilməsi, laboratoriya prosesi, Terapevtik İstifadə üçün İstisnaların tətbiqi və nəticələrin idarə edilməsi prosesini müşahidə edəcək. Qrup öz müşahidələri əsasında nöqsanları müəyyən edəcək və işin təkmilləşdirilməsi ilə bağlı gündəlik görüşlər keçirəcək. Yekunda Qrup tərəfindən hesabat hazırlanacaq.