Bakı 22˚C Windy

Pensiyaların artım hissəsinin ödənişi niyə gecikir? - Şikayətə rəsmi cavab

Biznes 11:30 03 fev, 2022

 "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamı ilə  minimum aylıq əmək pensiyasının məbləği 2022-ci ilin əvvəlindən artırılsa da təqaüdçülərə pensiyalarının artım hissəsi hələ ödənilməyib

Pensiyaların artım hissəsinin ödənişi niyə gecikir? <span style="color:red">- Şikayətə rəsmi cavab</span>

Prezident İlham Əliyevin 16 oktyabr 2021-ci il tarixli  "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamı ilə  minimum aylıq əmək pensiyasının məbləği 2022-ci ilin əvvəlindən artırılsa da təqaüdçülərə pensiyalarının artım hissəsi hələ ödənilməyib. Bunu anews.az-a açıqlamasında pensiyaçı Gülşən Abbasova bildirdi. 

Qazet.az xəbər verir ki,  minimum aylıq əmək pensiyasının məbləği 2022-ci ilin əvvəlindən 20 faiz artımla 200 manatdan 240 manata çatdırılıb. Bu artım 65 min insanı əhatə edəcək və bunun üçün büdcədən  illik əlavə 13,2 milyon manat ayrılıb. Həmçinin, sərəncama əsasən ilin əvvəlində hesablamalar aparılmalı və buna uyğun olaraq pensiyalarda yeni artımlar edilməli idi. 

Lakin pensiya alanların dediyinə görə, heç bir dəyişiklik yoxdur. Bu da insanlarda narazılıq yaradır. 

İqtisadçı Natiq Cəfərli anews.az-a bildirdi ki,  pensiyalarda artım ilə bağlı müzakirələr var, amma qərar yoxdur. Bu da insanlarda çaşqınlıq yaradıb. 

"Təəssüf ki, pensiyaların artması məsələsində qarışıqlıq yaranıb. Nazirlər Kabinetinin son qərarlarına görə, yenidən hesablamalar aparıb, nominal gəlir artımına uyğun olaraq pensiyaların yenidən indeksiyalaşması nəzərdə tutulmuşdu. Lakin bununla bağlı heç bir qərar təsdiqlənməyib. Baxmayaraq ki, yeni ilin ikinci ayına qədəm qoyduq, hələ də pensiyaların nə qədər artacağı barədə vətəndaşlara məlumat verilmir. Əgər hər hansı qərar qəbul edilməzsə, xüsusi bir artımdan söhbət gedə bilməz. 1 milyondan çox Azərbaycan vətəndaşı Nazirlər Kabinetinin bu qərara aydınlıq gətirməsini, kimlərin pensiyasında hansı dəyişiklik olacağını öyrənmək istəyir", - deyə o bildirdi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən anews.az-ın whatsapp sorğusuna cavab olaraq bildirildi ki, prezident İlham Əliyevin sərəncamından sonra pensiyalardakı dəyişikliklərdən danışmaq olar və sözügedən sərəncamın yaxın müddətdə verilməsi gözlənilir. 

"2021-ci ilin dekabrının son günlərində minumum pensiya məbləği artırılaraq 200 manatdan 240 manata çatdırıldı.Hər ilin əvvəlində pensiya alan və işləyən vətəndaşların sığorta kapitalı indeksasiyasının hesablanması ilə əlaqədar prezidentin sərəncamı olur. Bu sərəncamdan sonra pensiyaların artımı barədə məlumat veriləcək. Sərəncamın verilmə tarixindən asılı olmayaraq dəyişikliklər cari il yanvarın 1-dən hesablanacaq və həmin dövrə qədərki pensiya alanları əhatə edəcək" ,- məlumatda bildirilir.  

Azərbaycan Milli Məclisinin deputatı, Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev Anews.az-a açıqlamasında bildirdi ki, hər il olduğu kimi fevralın ilk on günlüyündə əmək pensiyalarındakı qiymət dəyişikliyi barədə qərar təsdiqlənəcək. 

"Bu il də ötən ilki kimi fevralda bununla bağlı qərar veriləcək. Qərarın verilməsində hər hansı gecikmə yoxdur. Dövlət Statistika Komitəsi yanvar ərzində  hesablamalar aparır, daha sonra aidiyyatı üzrə onları təqdim edir və bütün bunlar nəzərə alınaraq prezident İlham Əliyev tərəfindən müvafiq sərəncam imzalanır. Sərəncam yanvarın 1-dən qüvvəyə minmiş sayılır", - deyə o bildirib.

Rəsmi statistikaya görə, 2022-ci ilin əvvəlinə Azərbaycanda pensiyaçıların sayı 2021-ci ilin əvvəli ilə müqayisədə 1 milyon 228,8 min nəfərdən 1 milyon 197 min nəfərə kimi azalıb. 

Azərbaycanda kişilər 65, qadınlar 62,5 yaşda pensiyaya çıxır. 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65-ə qalxacaq.

Pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı (hazırda 34560 manatdır) tələb olunur. Əks halda pensiya yaşı çatan şəxs 180 manat müavinət alır.