PISA üzrə ekspertlərin hazırlanması təlimləri başa çatıb
Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Niderland Krallığının Milli Təhsil İnstitutunun (Cito) dəstəyi ilə riyaziyyat və təbiət elmləri istiqamətlərində 1 ay davam edən onlayn təlimlər yekunlaşıb.
Bu barədə Qazet.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlimlər beynəlxalq təcrübəli ekspertlər tərəfindən keçirilib. Sessiyalarda PISA tədqiqatları nəticələrinin riyazi savadlılığın inkişafına, təbiət elmləri üzrə inteqrativ bacarıqların formalaşdırılmasına təsiri diqqət mərkəzində olub.
Ümumilikdə 55 mütəxəssisin cəlb olunduğu təlimlərdə Elm və Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq edən ekspertlər, dərslik müəllifləri, həmçinin Təhsil İnstitutunun əməkdaşları iştirak ediblər.