Polis 8051 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq edib
Daxili işlər orqanları tərəfindən ekoloji cinayətlərin və ekoloji təhlükəsizlik əleyhinə olan inzibati xətaların qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir.
Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 2022-ci ilin 9 ayı ərzində bu istiqamətdə keçirilən tədbirlər nəticəsində qanunsuz ağac kəsmə faktı üzrə 155, balıq və başqa su heyvanlarını tutmağa görə 96, qanunsuz ovla bağlı isə 1 cinayət işi başlanılıb.
Eyni zamanda, meşə qanunvericiliyinin tələblərini, yerin təkindən istifadə qaydalarını pozduqlarına və qanunsuz ov etdiklərinə, eləcə də mülki silahın daşınması qaydalarını pozduqlarına görə 2086 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb.
Daxili İşlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında, çimərliklərdə məişət tullantılarının tutumundan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə də tədbirlərini davam etdirib və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozan 8051 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.