Bakı 9˚C Mostly sunny

Polşa Prezidenti amerikalı və ukraynalı həmkarları ilə danışıb

Gündəm 02:39 16 noy, 2022
Polşa Prezidenti amerikalı və ukraynalı həmkarları ilə danışıb

Polşa Prezidenti Anjey Duda ölkənin şərqindəki raket insidenti fonunda ABŞ Prezidenti Cozef Bayden və Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıb.

Qazet.az xəbər verir ki, bu barədə Polşa Prezidentinin Mətbuat xidməti tviterdə məlumat yayıb.

Xatırladaq ki, Rusiyanın Ukraynaya etdiyi genişmiqyaslı raket hücumundan sonra bir neçə mərminin Polşa ərazisinə düşdüyü güman edilir. Hadisə nəticəsində 2 nəfər həlak olub. Olaydan sonra Polşanın Baş naziri Mateuş Moravetski “böhran vəziyyəti” ilə əlaqədar hökumətin Təhlükəsizlik və Müdafiə Komitəsinin təcili iclasını çağırıb.

Qeyd edək ki, Polşa NATO üzvüdür. NATO nizamnaməsinin 5-ci maddəsinə əsasən, əgər bir NATO üzvü silahlı hücumun qurbanı olarsa, Alyansın bütün digər üzvləri bu zorakılıq aktını bütün NATO ölkələrinə qarşı silahlı hücum hesab edəcək və hücuma məruz qalmış NATO ölkəsinə kömək etmək üçün lazım bildikləri tədbirləri görəcəklər.