Bakı 18˚C Mostly sunny

Prezident bu çətin işin öhdəsindən yüksək səviyyədə gəlir - Fazil Mustafa

Siyasət 21:16 28 okt, 2021

İşğaldan azad olunmuş torpaqların minalardan təmizlənməsi də ağır işdir

Prezident bu çətin işin öhdəsindən yüksək səviyyədə gəlir <span style="color:red">- Fazil Mustafa</span>

İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidən qurma prosesi Prezident İlham Əliyevin nəzarəti altında gerçəkləşir. Sevindiricidir ki, nəzərdə tutulan proqram vaxtında və dəqiq həyata keçirilir. Hava Limanının 8 aya tikilməsi, hətta Qarabağ otelindən tutmuş bir sıra binaların və məscidlərin bərpa olunması işlərin yüksək sürət və keyfiyyətlə, müasir yanaşma və meyarlar nəzərə alınmaqla həyata keçirilməsindən xəbər verir.

Qazet.az xəbər verir ki, bu sözləri Publika.az-a deputat Fazil Mustafa deyib.

F.Mustafanın sözlərinə görə, nəzarətin güclü olması bərpa işlərinin uğurla və qısa müddətdə yekunlaşacağına dair daha böyük inam yaradır:

“Qarşıda duran əsas vəzifələrdən biri Zəfər Yolunun çəkilməsi idi. Prezidentin birbaşa nəzarəti altında bu yol salındı. Ardınca Füzulidə Beynəlxalq Hava Limanının açılışı oldu, o cümlədən Ağalı kəndində bir il ərzində ağıllı kənd layihəsi hazır olmaq üzrədir və məskunlaşmaya açıq olması olduqca sevindiricidir”.

Millət vəkili qeyd edib ki, işğaldan azad olunmuş torpaqların minalardan təmizlənməsi də ağır işdir:

“Bu prosesi də Azərbaycan bütün gücü ilə yerinə yetirir. Həm də burada hərbi hissələrin salınması, sərhəd qoşunlarının müəyyən qərargahların tikilməsi əlamətdar hadisədir. Bu işləri Azərbaycan xaricdən kredit almadan həyata keçirir, bu, böyük bir uğurdur. İnsanların çoxu yenidənqurmanın nə qədər iri masştablı və riskli işlər olduğunu bilirlər. Həyata keçirilən işlər onu göstərir ki, Azərbaycan gələcəkdə Zəngəzur dəhlizinin açılmasını və bundan sonrakı proseslərdə qlobal layihələrin cəlb olunmasını da gerçəkləşdirə biləcək”.

Millət vəkili qeyd edib ki, ardıcıl olaraq işğaldan azad olunmuş rayonlara səfər etmək təhlükəsizlik baxımdan risklidir, həm də fiziki baxımdan ağırdır:

“Həm Prezident, həm də xanımı bu çətin işin öhdəsindən yüksək səviyyədə gəlirlər, yorğunluğu hiss etdirmədən yerli ictimaiyyət nümayəndələri ilə silsilə görüşlərdə iştirak edirlər. Bu məsələlərinin hamısının yüksək səviyyədə koordinasiya olunması onu göstərir ki, hər şey plan üzrə davam edir. Qarabağda artıq xarici qonaqların qəbul olunması, xüsusilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın gəlişi bölgədə tamamilə yeni bir situasiya yaratdı. Yeni reallıqları Azərbaycanın dəyərləndirməsi olduqca yüksək bir nailiyyətdir. Çünki bir ölkənin dövlət başçısını Füzulidə qarşılamaq, Zəngilanda və başqa yerlərdə proseslərlə tanış etmək məsuliyyətli və ağır prosedurdur. Odur ki, belə səfərlər insanlarda ümidi daha da artırır və burda hansısa şəkildə plandan kənara çıxmaq mümkün olmayacaq”.