Prokurorluq işçiləri xarici təcrübədən yararlanır
Prokurorluq əməkdaşlarının beynəlxalq təcrübəni öyrənməklə peşə hazırlığının yüksəldilməsi istiqamətində işlər daim diqqət mərkəzində saxlanılır.
Baş Prokurorluğun mətbuat xidmətindən Qazet.az-a bildirilib ki, bu məqsədlə prokurorluq əməkdaşlarının təlim kurslarında, o cümlədən beynəlxalq tədbirlərdə iştirakı təmin olunur.
Belə tədbirlərin davamı kimi Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Samirə Nəcəfzadə dekabrın 13-dən 15-dək Vyana şəhərində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə Mübarizə İdarəsi (BMTNCİ) tərəfindən “Çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı beynəlxalq mübarizədə qadın liderlərə səlahiyyətlərin verilməsi” mövzusunda təşkil olunmuş seminarda iştirak edib.
Tədbirdə terrorizmlə mübarizə və çirkli pulların yuyulmasının qarşısının alınması sahəsi üzrə ekspertlər tərəfindən bu kateqoriya cinayətlərlə mübarizədə gender balansının təkmilləşdirilməsi, cari problemlər və həlli yolları, habelə qadınların cinayətkarlıqla mübarizədəki rolu barədə məlumat verilməklə tədbir iştirakçıları ilə interaktiv formada fikir mübadiləsi aparılıb.