Bakı 3˚C Intermittent clouds

Qafqaz Albaniyasının paytaxtı qədim Qəbələdə arxeoloji tədqiqatların yeni nəticələri məlum olub

Tarix 17:57 18 noy, 2021

Antik şəhər yerində ilk tədqiqatlara keçən əsrin 50-ci illərindən başlanılmışdır. 

Qafqaz Albaniyasının paytaxtı qədim Qəbələdə arxeoloji tədqiqatların yeni nəticələri məlum olub

2021-ci ilin oktyabr ayında AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Antik və ilk orta əsrlər dövrü üzrə Qəbələ arxeoloji ekspedisiyası” qədim Qəbələnin Antik şəhər yerində və Qəfərli antik dövr nekropolunda tədqiqatları davam etdirib.

         Qazet.az  AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna istinadən xəbər verir ki, Çaqqallı adlanan sahədə yerləşən Antik şəhər yerində aparılan arxeoloji tədqiqatların əsas məqsədi ərazidə ilkin yaşayış məskəninin salınması, inkişafı və şəhər kimi formalaşması mərhələlərinin ardıcıllığının öyrənilməsi olub. Tədqiqatlar nəticəsində e.ə. VI-IV əsrlərə və e.ə. III-I əsrlərə aid mədəni təbəqələr müəyyən edilib. Tədqiqatların ilkin nəticələrinə əsasən söyləmək olar ki, ellinizm dövrünün sonlarına doğru ərazidə yaşayış məskəni inkişaf edərək antik Qəbələ şəhərinin əsas hissəsinə çevrilib.
         Ekspedisiya Antik şəhər yeri ilə yanaşı, ətrafda olan qədim qəbiristanlıqda da tədqiqatları davam etdirib. Belə ki, Soltannuxa kəndi ərazisində yerləşən Qəfərli antik dövr nekropolunda 2020-ci ildən başlanan tədqiqatlar uğurla davam edib. Tədqiqatlar zamanı yer səthindən 120 cm dərinlikdə torpaq qəbirlər aşkar edildi. Qəbirlərdən birində qadın və uşaq skeleti olmaqla, qoşa dəfn müşahidə olundu. Qəbirlər antik dövr üçün səciyyəvi olan müxtəlif formalı saxsı qablarla zəngin idi. Aşkar edilən qəbirlərin xronoloji çərçivəsi e.ə. I əsrin sonları və eramızın II əsrlərini əhatə edir.
         Tədqiqat müddətində Yaloylutəpə adlanan sahədə təsərrüfat işləri zamanı maddi mədəniyyət nümunələrinin üzə çıxması məlum olub. Ekspedisiya rəhbəri t.ü.f.d. Ceyhun Eminlinin bildirdiyinə görə, “həmin əraziyə baxış keçirilərkən Yaloylutəpə sahəsində xəndək qazıntısı zamanı yer səthindən 80-140 cm dərinliklərdə antik dövrə aid dağıdılmış qəbirlərin xəndəyin divarlarında qalmış izlərinə əsasən qeydləri aparılmış, qəbirlərə aid bəzi qablar götürülmüşdü. Antik şəhər yerində tədqiqatların növbəti qazıntı mövsümlərində də davam etdirilməsi nəzərdə tutulur”.