Qapanma bitdi, tıxaclar başladı - Ekspert həll yollarını sadalayır
Səhər saatlarında tıxaclara əsas həll yollarından biri məktəblər üçün xüsusi servislərin yaradılmasıdır
Son zamanlar xüsusən qapanmaların bitməyindən sonra Bakıda böyük tıxaclar müşahidə edilməkdədir. Burada insanlar əsasən avtomobil sayının həddindən çox olmasını səbəb göstərir. Pik saatlarda bəzən sürücülər saatlarla yollarda qalmalı olurlar.
Problemin səbəbləri və həll yolları barəsində Qazet.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı danışıb.
Onun fikrincə tıxacın səbəbləri zəncirvari xarakter daşıyır. Bu uzun müddətli səhvin gətirdiyi nəticələr toplusudur və həlli geniş müzakirə mövzusudur.
“Tıxac məsələsi zəncirvari problemdir və o zəncirlərin hamısı bir-biri ilə əlaqəlidir. Nə yerli icra orqanları, nə də nəqliyyata aid qurumlar öz işlərini düzgün qurmayıb, əlaqəli işləməyiblər. Problemlər də bundan qaynaqlanır. Son zamanlar aparılan tikinti işləri çox xaotik şəkildə aparılır, tıxac problemlərinin əsas səbəblərindən biri məhz budur. Bu məsələnin kökü məhz idarəçiliklə əlaqəlidir. Səkilərdə belə bina tikiləndən sonra tıxacın yaranması olduqca normal haldır. Avtomobillərin parkinqi üçün normal şəraitin olmaması böyük fəsadlar törədir. Xüsusən biz bunu səhər və axşam saatlarında yaşayırıq. Onsuz da şəhərdə maşın sayı çoxdur və bunun səbəbi də əhalinin böyük hissəsinin Bakı şəhərində olmasından qaynaqlanır. Avtomobillərin parkinqi üçün şəhərdə yetərli ərazi yoxdur. Təkcə Yasamal rayonu ərazisində ”BNA" 47 binanı analiz edib. O binaların yalnız 5-ində normal parkinq şəraiti var. Xüsusən marketlərə səhər saatlarında və günün qızğın saatlarında ərzaq məhsullarının daşınması nəqliyyatın hərəkətinə ciddi problemlər yaradır. Səhər saatlarında yox bu prosedur məhz axşamdan sonra edilməlidir".
Bütün bu hadisələrin kökündə ekspertin də dediyi kimi idarəçilik problemləri yatır. Həmçinin nəzərə almaq lazımdır ki, sadəcə yol və nəqliyyat ilə əlaqəli qurum sayı olduqca çoxdur. Bu da bəzi anlaşılmazlıqlara səbəb yaradır. Ekspertin fikrincə səhər saatlarında tıxaclara əsas həll yollarından biri məktəblər üçün xüsusi servislərin yaradılmasıdır. Beləcə hər səhər müxtəlif istiqamətlərdən şəhərin fərqli məktəblərinə minlərlə şagirdin nəqliyyatla hərəkəti azalar.
“Çıxış yollarından biri və ən əsası da məktəblər üçün xüsusi servislərin yaradılmasıdır. Bu mövzuda dəfələrlə təkliflər edilib. Dünyada da tətbiq olunan bu servis təcrübəsi ilə səhər saatlarında tıxacları nizamlamaq olar. Nümunə üçün demək lazımdır ki, ”BNA" kiçik tutumlu mikroavtobuslarla bu xidməti təşkil edə bilər. Vəziyyətdən çıxış yolu yalnız nəqliyyat sistemini ayrıca bir struktur kimi formalaşdırmaqdır. Bu struktur heç kimin nəzarətində olmamalıdır. Bu gün Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda yol çəkir, nişan qoyur, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yol çəkir, nişan qoyur, “BNA” nişan qoyur, hərəkətin təşkili ilə məşğul olur, Dövlət Yol Polisi də həmçinin eyni işi görür. Axı niyə bu qədər qurum özü eyni məsələlərlə bağlı çalışır?", - deyə ekspert vurğulayıb.
Qeyd edək ki, bu barədə çox araşdırmalar aparılsa da, sorğular göndərilsə də, problemin həlli yolunda çox az irəliləyiş hiss olunur. Artıq uzun illərdir yaranan tıxac probleminə həll yolu tapmaq get-gedə çətinləşir.
Paşa Bayramov