Bakı -2˚C Rain

"Qarabağ Azərbaycanın mədəni irsini daşıdığı füsünkar malikanədir" - Mustafa Mehmandarov

Eksklüziv 19:24 02 okt, 2021

Şuşa tam dəyişəcək və Azərbaycanın, şərqin “Mədəniyyət Paytaxtı” kimi dünyaya səs salacaq

"Qarabağ Azərbaycanın mədəni irsini daşıdığı füsünkar malikanədir" - <span style="color:red">Mustafa Mehmandarov</span>

Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi. 

Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq. 

Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Bu gün 39-cu gündür.

44 GÜN LAYİHƏSİ
 

 

Gənc musiqiçi və drijor Mustafa Mehmandarov Qarabağın azadlığı haqqında təəssüratlarını və onun incəsənətə təsirlərini Qazet.az-a müsahibəsində danışıb.

 

–  Böyük tarixi hadisələr çox zaman incəsənətə sirayət edir. Sizcə Qarabağın azadlığı bizim incəsənətimizdə necə əks olunmalıdır?
–  Hər halda işğaldan azad edilmiş torpaqlarımızda təşkil olunan tədbirlər, bu sahədə hansısa bir təkanverici addımın atıldığını göstərir. Bununla yanaşı diqqət etmək lazımdır ki, qələbəmizlə bağlı orta səviyyəli və primitiv əsərlər yaradılmasın. Yola verə bilmərik ki, bu tərz əsərlər ərsəyə gəlsin və yanlışlıqla propaqanda olunsun. Mən bizim ordumuzun qələbəsi və baş verənlər fonunda monumental əsərlərin ərsəyə gəlməsinin tərəfdarıyam.

 

–  Türkiyə, Rusiya kimi dövlətlərin tarixində savaş səhnələri çoxdur. Bu, onların musiqisində, marşlarında özünü göstərir. Sizcə, 44 günlük müharibə bizdə də bu janrda musiqilərin inkişafına təkan verə bilərmi?

–  44 günlük zəfər tariximiz və ordumuzun şanlı qələbəsi artıq bu janrda mahnıların yazılmasına və ifasına təkan verib. Amma az öncə də dediyim ki, buna qarşı diqqətli olmağa çalışmaq lazımdır. Bəstəkarlar və digər incəsənət nümayəndələri əsas bunu etməlidir. Bu mövzu elə həsasdır ki, buna ciddi yanaşmaq lazımdır.

Qələbəmiz fonunda həm marşlar, həmdə manumental əsərlər ərsəyə gətirilməlidir ki, tariximizi mədəniyyətimizdə yaşada bilək. Burada bəsətəkar istər döyüşdən, istərsə də qəhrəman əsgərlərimizin igidliklərindən musiqilər bəstələyə bilər. Bu artıq yaradıcı insanın potensialından asılıdır. Eyni zamanda onun hadisələri necə görüb, necə qəbul etməsindən və olanları içində necə xatırlamasından asılıdır ki, onları da musiqidə əks etdirsin.

–  Şuşanın azadlığı Azərbaycan xalqı üçün böyük mənəvi qələbədir. Bəs bu hadisə sizin yaradıcılığınıza stimul oldumu?
–  Bu tək mənim üçün deyil, bütün mədəni xadimlərin, incəsənət nümayəndələrinin, mədəni tariximizin başına gələn ən böyük və xoş hadisədir.  Artıq biz müəyyən layihələr gərcəkləşdirmişik. Son layihəmiz Heydər Əliyev Fondunun dəstəyilə hazırlanmış kino-konsert oldu. Bu kino-konsert “Milli Musiqi Günü"nə həsr olunmuşdu. Həmin çəkiliş Şuşanın fərqli məkanlarında, Üzeyir bəyin bəstələdiyi musiqilər əsasında aparıldı. Sonuncu videoçarxda isə dövlət himnimizi ifa etdik. Bu çəkiliş isə Üzeyir Hacıbəyovun Şuşada yerləşən heykəlinin qarşısında, onun böyüyüb boya-başa çatdığı yerdə oldu. Bu mənim üçün çox qürurlu bir an idi. Sadəcə bunu deyə bilərəm ki, həmin heykəlin orada olması ayrı bir mesaj idi. Çünki Üzeyir bəyin sözü gedən heykəli Birinci Qarabağ Müharibəsi zamanı ermənilər tərəfindən dağıdılmışdı və bizim şanlı zəfərimizdən sonra həmin heykəl yenidən bərpa edildi. Bizim bu addımı atmağımız və həmin məkanda dövlət himnimizi səsləndirməyimiz həm mədəniyyət baxımdan, həmdən siyasi baxışda böyük bir addım idi.

 

–  Şuşanı “Mədəniyyət paytaxtı” kimi necə görürsüz?
–  Bir mənalı olaraq müsbət baxıram və burada hansısa qeyri-adi bir şey yoxdur. Çünki bu hər zaman belə idi. Şuşa Azərbaycanın mədəniyyət beşiyi olub. Sadəcə Şuşanın musiqi sənətini götürsək və yetişən dahi sənətkarları misal çəksək, bu qərara rahatlıqla gəlmiş olarıq. Şuşa sadəcə Azərbaycanın deyil, şərqin konservatoriyasıdır. 
Şuşada sadəcə musiqi deyil, digər mədəniyyət, incəsənət sahələri öz əksini tapır. Nəinki Şuşa, Qarabağ Azərbaycanın mədəni irsini daşıdığı bir füsünkar malikanədir. 
Cənab Prezidentin belə bir qərar verməsi sevindiricidir. Bizim üzərimizə düşən isə odur ki, çoxşaxəli tədbirlər hayata keçirib, mədəni ritmi dayanmadan yaşadıb, Şuşanın çiçəklənməsinə nail olaq.

 

- İncəsənət hər zaman humanizimi təbliğ edir. Sizcə hazırkı zamanda mədəniyyət sülhə necə töhfə verə bilər?
- Özünüz də vurğuladız ki, mədəniyyət humanistlik amilidir. Sadəcə konfiliktə deyil, istənilən hadisəyə təsir edir. Mədəniyyət çox böyük bir siyasi amilə malik silahdır. Silah dedikdə nəzərdə tutduğum gücdür. Mədəniyyət elə bir gücdür ki,  insanları cəmləşdirib sülhə doğru apara bilir. Buna görə də mədəni tədbirlərin aparılması vacibdir və bu addımın atılması bizim sülh tərəfdaşı olduğumuzu bir daha göstərir.

Mustafa Mehmandarov Şuşada məşhur Mehmandarovlar nəslinə məxsus malikanənin qarşısında

- Şuşaya səfəriniz zamanı hansı hisslər keçirdiniz və bunu necə ifadə edə bilərsiniz?

- Mən Şuşada müharibədən sonra 2 dəfə olmuşam. İlk dəfə ora qonaq qismində “Xarıbülbül” festivalına getmişdim və ora çatan zaman qəribə hisslər içindəydim. Onsuz yol boyu bütün heyyətlə birgə səbrsizliklə Şuşaya çatmağımızı gözləyirdik. Şuşaya gedən yol və şəhərə çatanda gördüyüm sıldırım qayalar məni sanki qürura boğdu. Mənim ağlımda tək sual bizim igidlər görəsən bura necə çıxıb deyə idi. Şuşa əməliyyatının həqiqətəndə də deyildiyi kimi dünyada rast gəlinmədiyi əməliyyat olduğunu anladım.

Düzdür orada həm kədər, həm qələbə sevinci var idi. Kədər danılmaz idi çünki orada itirilmiş canlar, arzular var idi. Digər tərəfdən isə bunun müqabilində qazanılmış qələbə. Bu isə məni anladıla bilməyən hisslərə salırdı.

İkinci səfərim isə “Milli Musiqi Günü”lə bağlı idi. Bilmirəm bilirsiz ya yox mənim əslim Şuşadandır. Mehmandarovlar nəsli, orada “Mehmandarovlar Malikanə Kompleksi” var. Bu tarixi tikilidir  və adi bir ev deyil. Üç binadan ibarət böyük bir kompleksdir. Düzdür, bir binasını ermənilər dağıdıb amma hazırda orada təmir-bərpa işləri aparılır. Düzdür, mən müharibədən öncə Şuşada olmamışam. Çünki mən anadan olanda artıq Şuşa işğal edilmişdi və otuzillik əsarətin bitməsindən sonra oraya səfərim sanki məndə yatmış hissləri oyatdı və qürurlu bir qəhərə boğdu. Çünki mənim ulu bablarımın hamısı orada doğulub və həmin malikanədə böyüyübdür. Həmin tiklinin divarlarına toxunduqca onların yaşadıqlarını yaşamış olurdum. Hətta ulu babam Kərim bəyin məzarı həmin malikənində olub amma indi bilmirik qalıb ya yox. Hazırda orada intensiv işlər görülür, bu işlər Şuşanın hər bir yerində aparılır. Şuşa dayanmadan gecə-gündüz böyük qayıdış üçün hazırlanır.  Bunu görmək məni çox sevindirir və inanıram ki, qısa zamanda Şuşa tam dəyişəcək və Azərbaycanın, şərqin “Mədəniyyət Paytaxtı” kimi dünyaya səs salacaq. Biz qayıtdıq Şuşa!
 

Dönməz Hüseyin


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.