"Qarabağın barış və inkişafla xatırlanmasını istəyirik" - Çavuşoğlu
Türkiyə XİN başçısı regionda işbirliyi üçün yeni fürsətlərdən danışıb
"Qarabağın artıq qeyri-sabitlik və münaqişədən çox barış və inkişafla xatırlanmasını istəyirik".
Qazet.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
M. Çavuşoğlu bildirib ki, 27 sentyabr Türk dünyası üçün fərqli mənaları olan önəmli tarixidir: “27 sentyabr Türkmənistanın müstəqilliyinin ildönümüdür. Bu gün eyni zamanda Qarabağın azad olunmasına gedən Vətən müharibəsinin başlamasının ildönümü, can Azərbaycanın şəhidlərini anma günüdür. Toplantımızın açılışında şəhidlərimizi birlikdə yad etdik. Əziz şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qarabağın artıq qeyri-sabitlik və münaqişədən çox barış və inkişafla xatırlanmasını istəyirik. Bölgə artıq normallaşma mərhələsinə daxil olmalıdır.
Regional işbirliyi və rifaha istiqamətlənən yeni fürsətlər yaranıb. Bu istiqamətdə can Azərbaycanın da vacib təklifləri oldu. Hər kəsin qazanclı çıxacağı bu fürsətlərin bütün ölkələr tərəfindən dəyərləndirilməsinə ümid edirik. Prezidentlərimiz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bölgədə rifah və sabitliyin olması ilə bağlı istəklərini dəfələrlə vurğulayıblar". /APA