Bakı 6˚C Dreary

"Qarabağ"ın Konfrans Liqasındakı rəqibi "Gent"i tanıyaq

İdman 17:25 07 noy, 2022
"Qarabağ"ın Konfrans Liqasındakı rəqibi "Gent"i tanıyaq

UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Qazet.az xəbər verir ki, bu mərhələdə Azərbaycanı təmsil edən "Qarabağ" klubuna Belçikanın "Gent" komandası rəqib olub.

Rəqibi yaxından tanıyaq. 

"Gent" futbol klubu 1900-cü ildə yaradılıb. Belçikanın eyniadlı şəhərini təmsil edir. Ev oyunlarını klub "Gelamko arena" adlı stadionda keçirir. Stadion 20 min azarkeş tutumuna sahibdir. Belçika təmsilçisi 1 dəfə Belçika çempionu, 4 dəfə Belçika kubokunun qalibi olub. Həmçinin, komandanın aktivində 1 dəfə Belçika superkuboku qalibiyyəti də var. Forma rəngləri göy-ağdır. Komandanın baş məşqçisi Hayn Vanhazebroukdur. O, 2020-ci ildən komandanın sükanı arxasındadır. Komanda 13 dəfə Çempionlar Liqasında oynayıb. Bununla yanaşı AL-də 81 matç, Konfrans Liqasında 14 matç keçirib. Belçika təmsilçisi 2006-2007-ci illər İntertoto kubokunun finalçısı olub. 

"Gent" bu mövsum Konfrans Liqasının F qrupunda oynayıb. "Yurqorden" (İsveç), "Molde" (Norveç) və "Şemrok Rovers"ə (İrlandiya) qarşı oyunlar keçirən komanda qrupda 8 xalla ikinci yeri tutaraq pley-off mərhələsinə vəsiqə qazanıb. 

Belçika təmsilçisi UEFA klub reytinqində 33,500 xalla 50-ci yerdədir. Bu nəticə ilə klub Azərbaycan təmsilçisini 16 pillə qabaqlayır. "Qarabağ" 25 min xalla 66-cı yerdədir. 

"Qarabağ" ilə "Gent" klubu tarixlərində ilk dəfə qarşılaşacaq. Buna qədər Ağdam təmsilçisi "Belçika" klublarından "Anderlext" və "Brüj"ə qarşı UEFA turnirlərində oyun keçirib. Bunlardan 2-də məğlub olan "Qarabağ" digər 2 oyunda qalib gəlib.