Qarlı havada Bakı metrosu normal rejimdə işləyib
"Bakı Metropoliteni" QSC qarlı hava şəraitində normal iş rejimində fəaliyyət göstərib.
Bu barədə Qazet.az-a qurumdan məlumat verilib.
Məlumata görə, ötən gün gecə saatlarından metro gücləndirilmiş iş rejiminə keçib, açıq hava şəraitindəki elektrik depolarında Qarla mübarizə qərargahlarının fəaliyyəti operativ tədbirlər planına uyğun tənzimlənib.
Qışa hazırlıq səhmdar cəmiyyətininin sədrinin əmrinə əsasən, bütün təsərrüfat sahələrinin qışa hazırlığı və onun sabit işinin təmin edilməsi məqsədilə növbətçilik cədvəlləri, o cümlədən əməkdaşların yaşayış məkanı və şəxsi əlaqə vasitələri barədə məlumatlar hazırlanmaqla müntəzəm yoxlanması, işçilərin texniki məşğələ və təlim-məşqlərə cəlb olunması həyata keçirilir, bütün texniki vasitələr optimal hazırlıq vəziyyətində saxlanılır. Bu plana uyğun olaraq, əməliyyat tədbirləri vaxtında yerinə yetirilib. Səhər saatlarından qatarların xəttə verilməsi, stansiyaların açıq hava şəraitində olan giriş sahələrinin qardan və buzdan təmizlənməsi vaxtında təmin edilib.
Bütün gün ərzində depolar və stansiyalar, xüsusən açıq sahələr tam nəzarətdə saxlanmaqla metropolitenin, o cümlədən qatarların hərəkətinin, stansiyaların infrastrukturunun normal iş rejimində fəaliyyəti təmin edilib.
Yanvarın 9-da metrodan 661 min 593 sərnişin istifadə edib.