Bakı 5˚C Showers

Qazaxın yeddi kəndi və Kərki hansı şərtlərlə azad ediləcək?

Siyasət 14:25 12 may, 2022

Bu ərazilərin Azərbaycanın tərkibinə qaytarılması ilə bağlı məsələ aparılan danışıqlar nəticəsində həllini tapacaq

Qazaxın yeddi kəndi və Kərki hansı şərtlərlə azad ediləcək?

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Ermənistan tərəfindən işğal edilən Qazaxın kəndləri haqqında açıqlama  verib. Qurum rəsmisi qeyd edib ki, Qazaxın yeddi kəndi və Kərkinin qaytarılması delimitasiya prosesinin tələbinə uyğun aparılacaq: 
 

X.Xələfov qeyd edib ki, bu ərazilərin Azərbaycanın tərkibinə qaytarılması ilə bağlı məsələ aparılan danışıqlar nəticəsində həllini tapacaq.

Qazet.az xəbər verir ki, Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli “Sherg.az”a mövzu ilə bağlı açıqlaması zamanı bildirib ki, Qazaxın yeddi kəndi və Kərki  Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin əsas şərtlərindən biri kimi delimitasiya prosesi kontekstində həllini tapacaq:

“Bu, Azərbaycanın rəsmi mövqeyidir. Məlum məsələ 10 noyabrda imzalanmış razılaşmanın ilkin versiyasının ikinci bəndində öz yerini alıb. Daha sonra Azərbaycan  və Ermənistan tərəfi yekun sülh sazişi çərçivəsində həll etməyə üstünlük verdilər. Burada da əsas məsələ mərhələli şəkildə problemlərin öz həllini tapması, bu kontekstdə də münaqişə tərəflərinin, o cümlədən işğalçı Ermənistanın davranışları üçün test müddətinin verilməsi ilə bağlı idi. Zaman da göstərdi ki, Ermənistan müəyyən dərəcədə normal şəkildə verilən müddətdən istifadə edib. Lakin yekun sülh müqaviləsi imzalanması ilə bağlı  Ermənistanda müəyyən tərəddüdlər, daxili gərginliklər  var”.

Ekspertin sözlərinə görə, keçirilən görüşlər - Brüssel, Mosakva, Soçi görüşləri müəyyən yol qət etməyə imkan verib:  

“Nəticədə Azərbaycanla Ermənistanın sülh müqaviləsinə kifayət qədər yaxınlaşdığını demək olar. Həm də onu demək olar  ki, rəsmi Bakının təqdim etdiyi 5 maddəlik baza prinsipləri daxilində həmin 8 kəndin də öz həllini tapması kimi faktor dayanır. Bu o deməkdir ki, Azərbaycan tərəfinin sülh müqaviləsində dövlətlərin öz ərazi bütövlüyünü pozmamaqla bağlı prinsiplərinə Ermənistan əməl etməzsə, BMT-nin  51-ci maddəsi ilə Ermənistan tərəfindən işğal olunmuş bölgələrdə hərbi əməliyyatlar keçirə bilər”.